İlham Əliyev Gəncədə bir sıra açılışlar etdi - YENİLƏNDİ

24.06.2020 23:51
3776

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.



AZSABAH.COM xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş bu ali təhsil müəssisəsi son illər tamamilə yenidən qurulur. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

Bildirilib ki, yeni tədris korpusunda aqronomluq, zootexniklik istiqaməti, ictimai elmlər və multikulturalizm kafedraları, interaktiv təlim-tədris otaqları fəaliyyət göstərəcək. Bu korpusun istifadəyə verilməsi bir də ona görə əlamətdardır ki, burada əlavə 93 nəfər üçün yeni iş yeri açılacaq.

***

Gəncədə aparılan tikinti, abadlıq quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərindəndir. Son vaxtlar Gəncəçay çayı üzərinə eyni vaxta beş körpünün bərpası başa çatdırılıb.


AZSABAH.COM xəbər verir ki, iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin körpülərdə görülmüş işlərlə tanış oldular.

Bildirildi ki, bu beş körpüdən biri - Müseyib Bağırov küçəsinin Gəncəçayı çayı ilə kəsişmədə yerləşən körpü 1986-cı ildə, digər dördü isə ötən əsrin 50-ci illərində tikilib. Körpülər tamamilə köhnəldiyindən gediş-gəliş üçün təhlükəli vəziyyətə düşmüşdü. Bunu nəzərə alaraq dövlətimizin başçısı keçən il mayın 16-da Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Müseyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişmələrində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası üçün Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı. Həmin vəsait hesabına körpülərdə təmir-bərpa işləri optimal müddətdə başa çatdırılıb. Bütün körpülərin hərəkət hissəsinin, məhəccərlərin, çay məcrasının aşağı və yuxarı hissələrinin, sağ, sol sahil yamaclarının dəmir-betonla bərkidilməsi işləri aparılıb, hərəkət hissəsinin hər iki tərəfində təkərqaytaranlar quraşdırılıb, səkilər təmir olunub. Beləliklə bundan sonra həm piyadalar, həm də avtomobillər bu körpülər üzərindən təhlükəsiz hərəkət edə biləcəklər.

Burada dövlətimizin başçısına tikintisi başa çatmış yollar barədə də məlumat verildi. Qeyd edildi ki, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidən qurulması bu bölgədə turizmin inkişafında böyük rol oynamaqla Gəncə şəhərindən giriş-çıxışı yaxşılaşdıracaq. Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Samux rayonunda da uzunluğu 12,7 kilometr olan Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu yenidən qurulub. Bu yol 3 yaşayış məntəqəsini əhatə etməklə minlərlə əhalinin gediş-gəlişini rahatlaşdırıb. Paralel olaraq yolun altında mövcud suötürücü borular bərpa edilib, zəruri olan yerlərdə yeniləri qurulub. Layihə çərçivəsində yolun 11-ci kilometrində “Qanlı Qobu” adlanan ərazidə yeni körpü inşa edilib.

***

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.


 AZSABAH.COM xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2020-ci ilin fevral ayında Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli ümumtəhsil məktəbləri üçün bina, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaqdır.

Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.

 

Qeyd edək ki, bu kompleksin tikintisi demoqrafiq inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar.


AZSABAH.COM-un xəbərinə görə, dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verildi.

Bildirildi ki, teatrın yeni binasında inşaat işləri artıq tamamlanmaq üzrədir. Hazırda teatrda dekorasiya və digər işlərin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Binada geniş tamaşaçı tutumlu zal və digər yardımçı otaqlar yerləşəcək.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Dövlətimizin başçısı teatrın binası ilə tanışlıqdan sonra tövsiyə və tapşırıqlarını verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

AZSABAH.COM xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Gəncənin şəhər kimi inkişafı Böyük Şah Abbasın adı ilə bağlıdır. Şəhərin tarixən formalaşmış mərkəzi hissəsi gəncəlilər tərəfindən “Şah Abbas meydanı” adlandırılan bazar meydanı olub. Özünəməxsus memarlıq elementlərinə görə Gəncənin baş meydanı Azərbaycanın əksər şəhərlərindəki bazar meydanlarından seçilib. Bu meydan XVII əsrdə böyüklüyünə görə yalnız Təbrizin bazar meydanından geri qalırmış. Ehtimal olunur ki, bazar meydanının ətrafında “Şah Abbas” karvansarası 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə tikilmiş və xan nəslinə məxsus olmuşdur. Karvansara dövrünün əzəmətli tikililərindən olduğundan Uğurlu xan ona böyük hökmdar Şah Abbasın adını verib.

Eyni dövrdə tikilmiş nisbətən kiçik həcmli karvansara isə əhali arasında “Uğurlu Xan” karvansarası adlandırılmışdır. XIX əsrin birinci yarısında Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin böyük şəhərlərində rus hərbi qarnizonları yerləşdirilmiş və rus qoşunları tərəfindən bütün xan mülki kimi karvansaralar da müsadirə edilmişdir. Bu və digər səbəblərdən abidə öz görkəmini itirmişdi. Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən “Şah Abbas” Karvansarası əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.

AZSABAH.COM-a bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.


***


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

AZSABAH.COM xəbər verir ki, məlumatına görə, dövlət başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

***

İyunun 24-də Gəncə şəhərinin M.A.Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib.

AZSABAH.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

AZSABAH.COM xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

AZSABAH.COM xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

AZSABAH.COM xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşdülər.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.


Loading...