İlham Əliyev ÇOX MÜHÜM SƏRƏNCAM İMZALADI: Bütün ölkə üzrə...

25.10.2022 14:00
5164
İlham
Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.

AZSABAH.COM xəbər verir ki, Sərəncama əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.

Sərəncamda ölkə üzrə iri sənaye müəssisələrinin yaradılması, eləcə də əhalinin sosial rifahının artması ilə əlaqədar növbəti illərdə böyük həcmdə generasiya güclərinə yaranacaq tələbatın qarşılanmasının və ölkənin ixrac potensialının artırılmasının vacibliyini nəzərə alaraq, “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyasının həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görülməsi tapşırılıb.


Nazirlər Kabineti “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görməli, “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etməlidir.