AZSABAH.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb, hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir:
"Ölkə ərazisində nisbətən yüksək temperatur qeydə alınsa da, lakin bu ay üçün rekord deyil. Belə ki, 2007 və 2019-cu illərdə Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə olub".
Xidmət rəisi onu da qeyd edib ki, yaxın günlərdə hava şəraitində dəyişiklik olmayacaq. Lakin yanvarın 4-ü gündüzdən ayın 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
"Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var", - U.Tağıyeva vurğulayıb.