Generaldan BÖYÜK MÜJDƏ: Laçından sonra Qazaxın 7, Naxçıvanın 1 kəndi...

18.08.2022 10:23
2650
Ordumuz

Hələ 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı imzalananda geniş ictimaiyyətə bəlli olmuşdu ki, Azərbaycanın Qarabağdan kənarda işğal olunmuş kəndləri də qaytarılacaq. Söhbət Qazağın 7 və Naxşıvanın 1 kəndindən gedir. Bu barədə üçtərəfli bəyanatın ilk variantında açıq-aydın yazılmış və bu mətn də yayılmışdı. Bəyanatın ilkin versiyası hələ də internet resurslarında və vikipediya qaynağında qalmaqdadır. Sitat: 

“MADDƏ 2: Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır’’. Lakin qısa müddət sonra Bəyanatın bu hissəsi çıxarıldı. Yayılan məlumatlarda iddia olunurdu ki, ilk anlaşılan və imzalanan, daha sonra isə yayımlanan Üçlü Bəyanatın yazılı elan olunan hissələrindən başqa, yazi ilə ifadə olunmayan, şifahi və 4 lider (imza atanlar və Ərdoğan) arasında razılaşdırılan mühüm məqamlar da var. Qazaxın kəndləri və Kərki kəndi bu cür anlaşmanın içərisindədir. Lakin bütün proses kimi, Qazax və Naxçıvanın kəndlərinin qaytarılması prosesi də ləngiməkdədir. 

Azərbaycan ictimaiyyətini rahat və təmkinli tutan Prezident İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl və uğur gətirən siyasətidir. Prezident İlham Əliyevin “nəyi nə zaman etmək lazımdır, mən bilirəm” fikri kiçik istisnalarla, ümummilli etimad qazanmış vəziyyətdədir.

Mövzu isə 16 avqustda yenidən gündəmə gəlib. Bunun da səbəbi var.

Generaldan Qazaxın 7 kəndi ilə bağlı

Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov məhz 16 avqustda keçirilən mətbuat konfransında birmənalı şəkildə deyib ki, Qazağın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir.

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Laçından sonra Qazağın 7 kəndi və Naxçıvanın 1 kəndinin təhvilinə başlanılacağını düşünmək üçün kifayət qədər əsaslar varmı?

Siyasi şərhçi Oqtay Qasımov: "ERMƏNİSTAN QRAFİKİ O VAXT TƏQDİM EDƏCƏK Kİ,  LAÇIN DƏHLİZİ GÖTÜRÜLSÜN"

Oqtay Qasımov: “Bu kəndlərin məsələsi sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı müəyyənləşəcək”

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatında konkret olaraq Qazaxın işğal altındakı 7 kəndi və Naxçıvanın işğal altındakı Kərki kəndinin də adları ilkin sənəddə keçirdi:

“Lakin sonra yayılan sənəddə biz o hissəsinin çıxarıldığının şahidi olduq. Ancaq bu, heç də o demək deyil ki, Azərbaycan həmin erməni işğalındakı kəndlərinin işğalda qalması ilə barışıb və ya barışacaq. Əksinə, həmin kəndlərimiz işğaldan azad ediləcək və Azərbaycanın dövlət sərhədi bərpa olunacaq. O kəndlər Azərbaycanın ərazisi olaraq dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınır. Həmin kəndlərin işğal olunduğu konkret tarixlər var. Bunları hətta Ermənistan da danmır. Odur ki, kəndlər mütləq azad ediləcək. İki gün öncə Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli generalının da açıqlamasından bir daha aydın oldu ki, Azərbaycan dövləti bu məsələni diqqətdə saxlayır və proses ardıcıl şəkildə aparılacaq. Proseslər öz məntiqi axarı ilə getməlidir. Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri 10 noyabr anlaşmasının şərtlərinə görə Laçın şəhərinin və Laçın rayonunun Zabux və Sus kəndlərinin qanunsuz məskunlaşan ermənilərdən boşadılması və həmin ərazilərin Azərbaycana təhvil verilməsidir. Bundan sonrakı vacib olan məqamlardan biri hazırda Rusiya sülhməramlılarının nəzarəti altında qalmaqda olan erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılması məsələsidir. Bu məsələ də mütləq həll olunmalıdır. Bundan sonrakı proseslər isə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya prosesidir. Qeyd etdiyim bu prosesdə isə Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana təhvil verilməsi baş verəcək. General Elçin İbrahimovun da qeyd etdiyi kimi, bu kəndlərin məsələsi sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı müəyyənləşəcək. Bu proses bilirsiniz ki, uzun zaman aparan bir prosesdir. Ona görə də yəqin kəndlərimizin azad olunmasını bir müddət gözləmək lazım gələcək”.

Arzuman Abdulkərimov: “Qazağın 7 kəndini və Naxçıvanın Kərki kəndini azad etmədən dövlət sərhədlərimizin tam bərpa olunmasından danışa bilmərik”

Əslən Qazaxdan olan siyasi ekspert Arzuman Abdulkərimov bildirdi ki, biz Qazağın 7 kəndini və Naxçıvanın Kərki kəndini azad etmədən dövlət sərhədlərimizin tam bərpa olunmasından danışa bilmərik: “Generalın açıqlamasından da buna bir daha əmin oluruq ki, kəndlərimiz sərhədlərin delimitasiya və demarkasiyası prosesində Azərbaycana təhvil veriləcək. 10 noyabr üçtərəfli bəyanatının birinci variantında bu kəndlərin azad olunması məsələsi açıq şəkildə qoyulmuşdu. Azərbaycan tərəfi bu məsələnin üzərində yəqin ki, dayanır və həmin kəndlərimizin azad ediləcəyi gec-tez reallaşacaq. Ermənistan Qazağın 7 kəndi üzərindən öz maraqlarını həyata keçirmək üçün istifadə etməyə daim çalışırlar. Ancaq Azərbaycan məsələni birmənalı olaraq qoymaqda davam etməli və o kəndlərin qeyd-şərtsiz Azərbaycana təhvil verilməsinə nail olmalıdır”.

Loading...