Gedişhaqqı yenidən artırılır? - "Bu, qiymət artımının siqnalıdır"

12.05.2023 10:12
884
645dd96eab4cf202305231510

“Bu yenidən qiymət artımına hazırlıq mərhələsidir və daima belə olacaq”.

Metbuat.az xəbər verir ki, bu sözləri Kommersant.az-a iqtisadçı Natiq Cəfərli bu gün Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin Baş nazirə müraciətini şərh edərkən deyib.

Ekspert qeyd edir ki, bu sistemin idarəetməsi ilə bağlı problemlər həll olunmadıqca və hökumət difrensial gediş haqqı sisteminə keçid etməsə bu daima belə olacaq:

“Diferensial gediş haqqı bir çox ölkələrdə olan sistemdir. Bizdə gediş haqqı deyəndə bir dəfəlik gedişin qiyməti nəzərdə tutulur. Məsələn, bu gediş haqqı 30 qəpik idi, indi 40 qəpik oldu. Lakin dünyanın hər yerində bir dəfəlik gediş haqqı baha olub həmişə. Bu ölkələrdə gediş haqlara diferensial yanaşma olur. Məsələn, bir günlük, bir aylıq, altı aylıq, bir illik olur bu gediş haqlarının qiyməti. Bu zaman qiymət avtomatik düşür. Tutaq ki, bir dəfəlik gediş haqqı Avropada 3-3.5 avrodusa, bunu bir illik alsanız 50-60 sentə düşür. Normal yanaşma budur”.

Natiq Cəfərlinin sözlərinə görə, burada ikinci problem isə idarəetmədədir:

“Bizdə nəqliyyat sistemi pərakəndə fəaliyyət göstərir. Dünyanın hər yerində nəqliyyat sistemlərinə böyük şəhər bələdiyyələri baxır. Onlar da nəqliyyat sistemini bir vahid mərkəzdən idarə edirlər. Bizdə isə böyük şəhər bələdiyyəsi də, mer institutu da yoxdur. Onun əvəzinə dövlət qurumları var, bu sahəyə eyni anda Metropoliten, Bakı şəhər İcra Hakimiyyəti, Baku Bus, Yerüstü Nəqliyyat Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi nəzarət edir. Hərəsi də öz qaydalarını tətbiq edir. Bu da pərakəndəliyə səbəb olur və qiymət artımında da idarə etmədə olan boşluqlar da ciddi rol oynayır. Ona görə də Azərbaycanda bu sahənin problemlərinin köklü həlli bu iki problemin düzəlməsi ilə bağlıdır”.

Ekspert qeyd edib ki, bu sistemə keçilsə, müəyyən güzəştlər də ola bilər:

“Məsələn, tələbələr üçün güzəştlər, təqaüdçülər üçün güzəştlər, 6 aylıq, bir illik gediş haqlarının ucuzlaşdırlması olmalıdır. Bu zaman gediş haqqı lap bir manat da ola bilər. Burda problem yoxdur. Problem odur ki, bütün gediş haqlarına aid olmamalıdır. Bizdə sözün yaxşı mənasında mürəkkəb sistem yoxdur, primitivcəsinə daim gediş haqqının artırılması müzakirə obyektinə çevrilir”.

Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin bu müraciətini həm də qiymət artımına hazırlıq kimi qiymətləndirmək olarmı sualına cavab olaraq ekspert bildirib ki, əlbəttə hazırlıqlar gedir:

“ Yəqin ki, ilin sonuna qədər bir neçə dəfə belə nəbz yoxlamaları olacaq. Və ola bilər ki, yanvardan yenidən qiymət artımının şahidi olaq”.

Qeyd edək ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edərək, məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıb. Şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirib.