Ətin bahalaşması dayanmayacaq... 20 manat - Ekspertlərdən bədbin PROQNOZ

26.02.2024 23:22
301
65dce55a3a38c202402242410

Azərbaycanda ətin qiyməti yanvar ayında kəskin artmışdı. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 18-20 manata satılır.

Bəzi məlmatlara görə, Azərbaycandan kütləvi mal-qara ixracı çoxalıb. Xüsusilə də, ərəb ölkələrindən gələn işbazlar Azərbaycandan kütləvi şəkildə mal-qara alıb aparırlar, bu da ölkədə ətin qiymətinin bahalaşmasına səbəb olur.

Bəs ətin bahalaşmasının səbəbi nədir? Ətin bahalaşmasında ərəb ölkələrinə Azərbaycandan kütləvi şəkildə mal-qara alıb aparılmasının rolu varmı?

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli ərəblərin mal-qara alışını artırmasının ətin qiymətinin artmasına təsirinin cüzi olduğunu bildirib:

"Azərbaycanda ətin bahalaşmasının səbəbləri çoxdur. Ölkədən mal-qaranın daşınıb aparılması bəlkə də qiymətlərə cüzi də olsa, təsir edir. Əsas məsələ isə yem məhsullarının bahalaşması ilə bağlıdır. Hətta biz xaricdən mal-qara idxalını xeyli artırmışıq. Əsasən də xırdabuynuzlu mal-qaranın alınmasında xeyli artım var. Gücüstandan da mal-qara idxal edirik.  Bir sözlə, örüş yerlərinin  və yem bazasının azalması ətin qiymətinin qalxmasına təsir edən əsas faktorlardır". Ekspert mal-qara istehsalçılarının qiyməti qaldırmağa məcbur olduğunu söyləyib

"Mal-qara istehsalçıları da istehlakçıdırlar. Onlar da başqa məhsulların istehlakçılarıdır. Əgər ölkədə bütün məhsulların qiyməti qalxırsa, təbii ki, onlar da istehsal etdikləri məhsulun qiymətini qaldırmağa məcbur olurlar. Başqa çıxış yolu yoxdur".

İqtisadçı ekspert Eldəniz Əmirov isə deyib ki, ətin bahalaşmasında əsas rolu məhz ümumi ərzaq inflyasiyası oynayır:

"Yem məhsullarının qiymətinin qalxması, örüş sahələrinin azalması ətin bahalaşmasına təsir göstərən bir nömrəli faktordur. Ətin qiymətinin qalxması prosesi uzun müddət davam edəcək. Bu gün statistikaya baxdıqda görürük ki, adicə Gürcüstandan idxalı artırmışıq".
 

Ekspert idxalın artmasının səbəblərini belə izah edib

"İdxalın artmasının əsas səbəbi istehsalın ixracdan qalan hissəsinin daxili tələabatı ödəməməsidir. Bu, daxili tələbatı ödəmək üçün idxalın həcminin artırılmasını zəruri edir. İdxalın həcminin artması da qiymətin artmasına təsir göstərən digər bir faktordur. Dövlət güzəştli kredit verir. Lakın kredit həcmlərini daha da artırmaq olar".