Ermənistanı hüquqi məsuliyyətə cəlb edəcək layihəyə start verildi

05.09.2022 12:15
971
6315bea2ebaa5202209221722

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması” adlı layihəsinin icrasına başlayıb. AZSABAH.COM-a təşkilatdan verilən məlumata görə, layihənin həyata keçirilməsi Birinci Qarabağ müharibəsi zamanı Roma Statutunun tanıdığı ciddi cinayətlərin qurbanları olan - əsirlikdə qeyri-insani rəftara məruz qalmış, bəziləri dəhşətli işgəncələrlə qətlə yetirilmiş, bəziləri sağlamlığını itirib əlil qayıtmış hərbçilərin, xüsusilə də işğal olunmuş ərazilərin dinc sakinləri olan qadın və uşaqların pozulmuş hüquqlarının tədqiq edilməsi və əldə olunmuş nəticələrin beynəlxalq təşkilatlara təqdim edilməsi zərurətindən irəli gəlib. 

Layihənin məqsədi Birinci Qarabağ müharibəsi zamanı erməni əsir və girovluğunda “müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş Azərbaycan Respublikası vətəndaşlarının əsarətdə üzləşdikləri işgəncə və qeyri-insani rəftar hallarına dair faktların toplanması, eyni zamanda hədəf kontingentləri olan itkin düşmüş şəxslər haqda məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsindən ibarətdir.  

Layihə çərçivəsində əsir-girovluqdan azad edilmiş şəxslərin məruz qaldıqları beynəlxalq cinayətlərin aşkar olunması və izlərinin maddiləşdirilməsi istiqamətində toplanacaq materiallar əsasında hazırlanacaq hesabat ingilis dilinə tərcümə olunub, müvafiq beynəlxalq təşkilatlara göndəriləcək. Layihə 3 ay müddətində Bakı şəhəri və Abşeron inzibati ərazisində icra olunacaq.  

  Bu layihənin nəticəsi olaraq Azərbaycan həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırılacaq. Münaqişənin yarandığı gündən ikili standartlardan mövqe nümayiş etdirən, illərdən bəri ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq göstərən beynəlxalq təşkilatlar və sözdə demokratik dəyərlərə malik olan, özlərini sülh carçısı kimi göstərən, əslində isə erməniləri qorumağa çalışan bəzi ölkələr erməni vəhşilikləri ilə dəlil-sübutlarla əyani şəkildə tanış olacaqlar. Beləliklə, Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün şahid ifadələrinə əsasən materiallar hazırlanacaq.