Ən YÜKSƏK GƏLİRLİ sahələr hansılardır?: 15 min manat maaş... - ARAŞDIRMA

28.01.2024 21:55
390
65b69610e9ade202401245944

Dövlət Statistika Komitəsinin son yaydığı məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 1179 manat 80 qəpik təşkil edib. Bu, ötən illə müqayisədə 10 faiz daha çoxdur.

Yaxşı maaş, nüfuzlu iş yeri və ya sürətli karyera inkişafına nail olmaq üçün əlverişli peşələri seçmək asan deyil. Hazırda ölkəmizdə iş və ixtisasın müəyyənləşməsi prosesi əsaslı şəkildə dəyişib. 

Azsabah.com xəbər verir ki, “Operativ Media” hazırda ölkənin ən gəlirli peşələrini araşdırıb.

İnsan resursları üzrə mütəxəssis İlkin Paşayev deyir ki, Azərbaycanda yüksək əməkhaqqı olan işlər əsasən müasir sahələrdə çalışanlar, həmçinin mühasiblər, menecerlər, sahibkarlar və  mədənçıxarma sənayesinin işçiləridir. Onların gəlirləri əsasən 1500 manatdan başlayır.

 “Bir sıra iş yerləri var ki, 12 000 - 15 000-ə qədər maaş alanlar var. Bu daha çox xüsusi layihələr üzrə işləyənlərdir. Həmçinin hazırda İT sahəsində çalışanlar da gəlirli sahələrdə çalışanlara aid edilir. Burada İT özü də əslində bir neçə istiqamətə ayrılır. Proqramlaşdırma, informasiya təhlükəziliyi, sistem inzibatçılığı, şəbəkə inzibatçılığı, baza inzibatçılığı və bir çox istiqamət mövcuddur. Bununla yanaşı tətbiq hazırlayanlar üçün də gəlirli sahə demək olar. Adətən bu sahələr üzrə işçi axtaran şirkətlər 1500-1800 manatdan aşağı maaş qeyd etmirlər. Lakin Bakıda fəaliyyət göstərən xarici şirkətlər var ki, 3000 manat üzəri maaşı distant işləməklə belə təklif edir”

Mütəxəssis bildirir ki, hazırda onlayn idarə olunan biznes sahələri də yüksək gəlirli iş hesab olunur. Amma elə sahələr də var ki, müəyyən əmək sərf olunsa da, orda çalışanlar daha az qazanc əldə edirlər. 

“Məsələn HR-ların maaşı az artır. Həmçinin elm sahəsində olan müxtəlif işçilər var ki, onların maaşı dəyişmir. Hazırda isə əsas tələbat satış təmsilçilərinidir. Bu sahəni də gəlirli hesab etmək olar. Bəzi şirkətlər 3 min manat maaş və satılan məhsulun faizini təklif edir. Paytaxtda olan brend geyim mağazaları da bu prinsiplə işləyir. Satıcının aylıq qazancı hətta menecer və digər şəxslərin maaşını üstələyir”.