Əliyevdən Milli qəhrəmanın atasına: Mən buna VETO QOYACAĞAM!

25.10.2021 23:01
5848

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

AZSABAH.COM xəbər verir ki, görüşdə Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov da iştirak edib.

Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov dedi: Cənab Prezident, özümü xoşbəxt hiss edirəm ki, Sizinlə ikinci səfərdir, şəxsən görüşürəm. Mən Allah-Təaladan razıyam ki, Sizi Azərbaycana bəxş edib. Sizin kimi hərtərəfli sərkərdəni, şəxsiyyəti bizim Azərbaycana bəxş edib. Bizim xalqımız dövlət ətrafında yumruq kimi birləşdi və sözünü dedi. Bu hamısı Sizin rəhbərliyinizlə olmuş hadisədir, bunu hamı bilir. Siz polad sinəli, genişürəkli, əvəzsiz bir sərkərdəsiniz. Sizin keçdiyiniz yol, əldə etdiyiniz Qələbə mənim bu dediklərimə möhür vurur, təsdiq edir. Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

Prezident İlham Əliyev: Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat. Mən demişdim, məcburi köçkünlərlə mən dəfələrlə görüşmüşdüm. İndi təsəvvür edin, 100-dən çox qəsəbə salındı, yəni, ev yox, məcburi köçkünlər üçün qəsəbə. Mən hər bir açılışda olmuşam, hər bir açılışda. Köçkünlərlə görüşlər zamanı, - mən onu artıq bir dəfə demişəm, bir daha demək istəyirəm, - görürdüm ki, ümidlər azalır, ümidlər tükənir. Bu da təbiidir. Çünki artıq 30 ilə yaxın vaxt keçir, məsələ də həll olunmur. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. Bu, məni çox incidirdi, çox üzürdü. O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq. Artıq o baxışlar yoxdur, o kədərli anlar yoxdur, o xatirələr qalır arxada. Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir.

Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Siz deyirsiniz ikinci dəfə, üçüncü dəfə biz görüşürük. Mən sizi o vaxt Hərbi Qənimət Parkının açılışına da dəvət etmişdim.

Nəriman Həmidov: Bəli, yadımdadır. Üçüncü dəfədir. Çox sağ olun, çox var olun. Sizinlə fəxr edirəm, həyat sübut etdi.

Loading...