Əli Kərimlinin sükutu və 4 hədəf

10.06.2020 15:41
227

Mayın 14-də Milli Şuranın onlayn konfransında baş verənlərdən sonra birlikdə daxilindəki gərginlik səngimək bilmir. Məlumdur ki, cinsi azlıqların kəskin tənqid və təhqir edildiyi müzakirələrdən sonra Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov Milli Şuranın Koordinasiya Mərkəzindən istefa verdi. Onlyan konfransda “seksual söhbəti” açan və qızışdıran sabiq YAP-çı Gültəkin Hacıbəyli isə gözləntilərin əksinə olaraq, bu addımı atmaqdan çəkindi.

“Amerikalı professor”

İstefa verənlərin əsas ittihamları isə məlum olduğu kimi, Milli Şuranın sədri Cəmil Həsənliyə yönəldi. Məsələn, birlik sədrini dözümsüzlükdə ittiham edən Eldəniz Quliyev onu həm də milli-mənəvi dəyərlərimizi tapdalamaqda günahlandırdı. Quliyevin əsas arqumenti də budur ki, Amerikaya gedəndən sonra müasirləşən professor Cəmil Həsənlinin özü mühafizəkar ailədə doğulmasına baxmayaraq, özünü “müasir gənc” kimi hiss edir. Başqa sözlə, onlayn konfransdakı “seksual söhbət” şura daxilində çoxtirəlilik yaratdı.

AXCP sədrinin sükutu

Baş verənlər fonunda Milli Şuraya rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qanadı kimi baxan Əli Kərimlinin susqunluğu birmənalı qarşılanmadı. Vaxtilə Bakıda feministlərin yürüşünə dəstək açıqlamaları verən AXCP sədrinin sükutu onun bu məsələ haqda öz planının olduğu ehtimalını yaratdı. Mövqeyindən, dini-siyasi ideologiyasından, şəxsiyyətinin deqradasiyaya uğrayıb-uğramamasından asılı olmayaraq, səsini başına atan hər kəsi potensial cəbhəçi kimi görən Əli Kərimlinin bu dəfə “cinsi azlıqların haqlarının müdafiəçisi” qismində görünməsi təəccüblü olmamalıdır. Əli Kərimli 2015-ci ildə dindarlar Nardaranda təxribata əl atanda da, özünü göstərdi. Bu dəfə də dindarların hüquqlarını dilə gətirməklə bu kəsimin də diqqətini cəlb edən AXCP sədri bununla həm İran mollalarının kisəsinin ağzını açdı, həm də ətrafında kütləvilik yarada bildi. Bu gün isə homoseksual məsələsinin gündəmə daşınması göydəndüşmə oldu. Hesab etmək olar ki, Əli Kərimlinin bununla bağlı bir neçə hədəfi ola bilər.

Birinci hədəf

Birincisi, haqlarının pozulmasından şikayət edən cinsi azlıqlar potensial elektoratdır. Yəni, Eldəniz Quliyevin qaldırdığı məsələ və bunun ətrafında cinsi azlıqlara qarşı yaranan etiraz dalğası AXCP sədrinə fürsət verir ki, onların problemlərini dilə gətirib öz tərəfinə çəksin. Bunu indi açıq formada etməsə də, partiya funksionerləri vasitəsilə artıq gündəmə daşımağa başlayıb.

İkinci hədəf

İkincisi, indi əli həm Rusiyadan, həm də Qərbdən boş qalan AXCP sədri yenidən “liberal libası”na bürünüb. Hər halda Cəmil Həsənli okeanın o tayında boş yerə baş qaşımır. Cinsi azlıq kimi Qərbin siyasi institutları üçün həssas olan bir məsələnin gündəmdə şişirdilməsi Əli Kərimliyə o fürsəti də yaradır ki, özünü qərbpərəst müxalifət lideri kimi göstərib, qabağı kəsilən qrant arxının ağzını yenidən açsın. Nəzərə alsaq ki, artıq AXCP sədrinin “siyasi məhbus biznesi”nə investisiya yatırmayan Qərb institutları ondan uzun zamandır daha yaradıcı fəaliyyətlər tələb edirdi.

Cəmil Həsənliyə Amerikada verilən tapşırıq da bundan ibarət ola bilər. Yəni, vaxtilə rusiyalı milyarderlər tərəfindən qurulan Milli Şuranı Qərbin Azərbaycandakı siyasi institutuna çevirmək niyyətləri var. Bu baxımdan, Eldəniz Quliyevin simasındakı mühafizəkar qanadın Milli Şurada təmsil olunması məqsədə uyğun deyildi. Yəni, kinodramaturqu bir növ canından bezdirib istefaya məcbur etdilər.

Üçüncü hədəf

Üçüncüsü, məsələ ətrafında süni şəkildə yaradılan ajiotaj Əli Kərimliyə o şansı da verir ki, özünü ölkənin siyasi gündəmində yenidən diriltsin. “İnternet blokadası” təbliğatı işə yaramayan AXCP sədri üçün gündəmdən düşmək “böyük faciə”dir. Üstəgəl, bu blokada vasitəsilə nə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin diqqətini çəkdi, nə də xaricdəki siyasi institutların. İndi LGBT bayrağını əlinə götürərək yellətməklə həm diqqət cəlb edir, həm də köhnə qazanc yerlərini yenidən işə salmaq niyyətini həyata keçirmək istəyir.

Dördüncü hədəf

Dördüncüsü, “ana müxalifət liderliyi”nə iddialı olan Əli Kərimli bu məsələdən “hüquqları pozulan hər vətəndaşın lideri” olduğunu gözə soxmaq üçün istifadə edir. Bu məqsədlə də, həmişə müxalifətdəki digər siyasi partiyaların susqunluğundan məharətlə istifadə edib. Elə buna görə də, həmişə künc-bucaqda qalan, yəni gözə görünməyən məsələlərə əl atıb.

AZSABAH.COM 

Loading...

close
close