Əli Əsədov karantin rejimi ilə bağlı MÜHÜM QƏRAR

11.06.2020 18:00
377

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ı təsdiq edib.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Bu Qaydalar Azərbaycan Respublikasının beynəlxalq hava limanları əməkdaşlarının və sərnişinlərin sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19 infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Beynəlxalq Hava Limanları Şurasının (ACI), Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təcrübə və tövsiyələrinə, o cümlədən xarici beynəlxalq aeroportların və aviaşirkətlərin təcrübəsinə əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və (və ya) yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki məsafənin (bundan sonra – məsafənin) saxlanılması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Ümumi göstərişlər:

2.1. Sərnişinlər və uçuşları icra edən bütün aviadaşıyıcılar əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:

2.1.1. uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;

2.1.2. arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir;

2.1.3. Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən

Azərbaycan Respulikasının vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır;

2.1.4. Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan Respulikasının və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərlər.

2.2. Müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir.

2.3. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir. Tibbi maskaların xüsusi tələb (məsələn, qeydiyyat və minik zamanı, uçuşqabağı təhlükəsizlik baxışı və sərhəd nəzarəti proseduru icra olunarkən səlahiyyətli şəxsin tələbi ilə) və zərurət olmadan (məs. qidalanma zamanı) çıxarılması yol verilmir.

2.4. Hava limanında tibbi yoxlamanın operativ təşkili üçün Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar pasport məlumatlarının və COVID-19 müayinəsinə dair testin neqativ nəticələri göstərilməklə, reysdəki sərnişinlər barədə məlumatın (siyahının) belə yoxlamanı aparan quruma vaxtında ötürülməsi məqsədilə hava limanında təyin edilmiş yerüstü xidmətlər göstərən operatora SİTATEX vasitəsilə GYDADXH ünvanına əvvəlcədən ötürməlidirlər.

2.5. Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal kompleksinə gəlməlidirlər.

2.6. Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Aviaşirkətlərin qaydalarına əsasən müəyyən edilən yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.

2.7. Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.

2.8. Sərnişinlər Azərbaycan Respublikasının hava limanlarında tətbiq edilən xüsusi qayda, prosedur, məhdudiyyət və göstərişlər barədə uçuşu icra edən aviadaşıyıcı tərəfindən əvvəlcədən xəbərdar edilməlidir.

2.9. Bu Qaydaların tələblərini pozan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi barədə məlumat verilir.

3. Hava limanında prosedurlar (uçub getmə proseduru) 

3.1. Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız aşağıdakı şəxslərin daxil olmasına icazə verilir:

3.1.1. hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarına;

3.1.2. sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət

olunurlar).

3.2. Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.

3.3. Sərnişinlər yalnız tibbi maskalarla aerovağzal kompleksinə buraxılırlar. Tibbi maskası olmayan sərnişinlərə girişdə maskalar təqdim edilərək, aerovağzal kompleksinin ərazisində olduqları bütün vaxt ərzində maskadan istifadə etmək öhdəliyi izah olunur.

Aerovağzal kompleksinə girişdə müvafiq avadanlıq (termal kamera sistemləri) vasitəsilə şəxslərin hərarəti ölçülür. Bu məqsədlə termal kameranın yanında təlim keçmiş, tibbi maskası, əlcəyi və eynəyi olan ən azı 2 tibb işçisi fəaliyyət göstərir.

3.4. Hərarəti 37.50C-dən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə, xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.

3.5. Sərnişinlər aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçərkən aviasiya təhlükəsizliyi əməkdaşları xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.

3.6. Aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçdikdən sonra sərnişinlərin əlləri dezinfeksiya olunur.

4. Sərnişinlərin qeydiyyatı prosesi

4.1. Növbələrə nəzarət üçün təyin edilmiş əməkdaşlar sərnişinləri qarşılayaraq reysin istiqamətini göstərirlər və terminalda qeydiyyat üçün növbənin daha az olduğu müvafiq zonaya keçmələrini təklif edirlər. Bu əməkdaşlar xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.

4.2. Qeydiyyat prosesi başa çatdıqdan sonra sərnişinlər bilavasitə qeydiyyat masası yanında təkrarən əllərini dezinfeksiya edirlər.

4.3. Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj xüsusi ayrılmış yerdə dezinfeksiya edilir və baqajın üzərinə dezinfeksiyanın həyata keçirildiyi barədə xüsusi nişan vurulur.

4.4. COVID-19 əlamətlərinin olub-olmaması barədə sərnişinlərin sorğu edilməsi:

4.4.1. qeydiyyat zamanı əməkdaşlar COVID-19 əlamətlərinin, yəni yüksək hərarət, öskürək və təngnəfəslik, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, boğaz, oynaq və ya baş ağrılarının olubolmadığını müəyyən etmək üçün sərnişinləri sorğu edirlər;

4.4.2. səhhəti pisləşən və yoluxucu xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda, belə sərnişin barədə dərhal növbətçi tibb heyətinə məlumat verilir.

4.5. Uçuşqabağı yoxlama, steril zonaya və sərhəd nəzarəti zonasına keçid:

4.5.1. növbələrə nəzarət üçün təyin edilmiş aviasiya təhlükəsizliyi əməkdaşı sərnişinləri qarşılayaraq, xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarət edir;

4.5.2. aviasiya təhlükəsizliyi üzrə uçuşqabağı yoxlamadan keçdikdən sonra sərnişinlər xüsusi ayrılmış yerdə təkrarən əllərini dezinfeksiya edir, sonra xüsusi döşəmə işarələrinə əsasən növbəni gözləyərək və məsafəyə riayət edərək sərhəd nəzarətindən keçirlər;

4.5.3. sərhəd nəzarəti başa çatdıqdan sonra əllər yenidən dezinfeksiya olunur.

4.6. Sərnişinlərin hava gəmisinə daxil olması prosesi:

4.6.1. məsafənin təmin edilməsi məqsədilə hava gəmisinə minik prosesi məhdud qruplarla, minik üzrə məsul əməkdaşın göstərişlərinə əsasən zonal qaydada həyata keçirilir;

4.6.2. hava gəmisinə minik salondakı sonuncu sıraların sərnişinlərindən başlayır. Minik sərnişinlər arasında məsafə saxlanılması, şəxsi əşyaların hava gəmisi salonunda yerləşdirilməsi və sərnişinlərin oturacaqlarda yerləşməsi üçün imkan yaradılması nəzərə alınmaqla aparılır;

4.6.3. Təmasın minimuma endirilməsi məqsədilə miniyə daxil olan sərnişin pasportun şəkli olan vərəqini minik üzrə məsul əməkdaşa göstərir və minik talonunu xüsusi oxuyucudan keçirir;

4.6.4. minik prosedurundan keçən sərnişinin əlləri dezinfeksiya olunur.

5. Uçuş zamanı prosedurlar

 5.1. Ümumi prosedurlar:

 5.1.1. uçuş heyəti bütün uçuş müddətində fərdi qoruyucu vasitələrindən mütləq qaydada istifadə edir (tibbi maskalar, rezin

əlcəklər, üz sipərləri);

 5.1.2. təhlükə səviyyəsi yüksək olan reyslər yerinə yetirilərkən xüsusi qoruyucu kombinezon geyilir və eynək taxılır;

 5.1.3. kabinə ekipajı tərəfindən sərnişinlərin sağlamlıq vəziyyəti bütün uçuş zamanı müşahidə edilir;

 5.1.4. sərnişinlərə bütün uçuş müddətində hava gəmisi salonunda gəzmə, sanitar qovşağına gediş istisna olmaqla, yol

verilmir;

5.1.5. pilotlar xüsusi zərurət olmadığı təqdirdə təyyarənin salonuna keçməməlidir.

5.2. Hava gəmisində məlumatlandırma:

5.2.1. epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat verilir (audio, video və s. vasitəsilə).

5.3. Uçuş zamanı xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə prosedurlar:

5.3.1. uçuş zamanı COVID-19 əlamətləri aydın müəyyən edilən sərnişin aşkar edildiyi təqdirdə dərhal hava gəmisi kapitanına məlumat verilməklə, həmin sərnişin respirator maska ilə təmin edilir və digər sərnişinlərlə təhlükəsizlik məsafəsinin (ən azı 2 oturacaq) saxlanılması məqsədilə onun yeri dəyişdirilir, mümkün olduqda isə ən arxa oturacağa yerləşdirilir. Xəstəyə ilkin tibbi yardım göstərilir və ilkin antiepidemik tədbirlər həyata keçirilir;

5.3.2. şərait imkan verdikdə, bir sanitar qovşaq xəstəliyə şübhəli şəxs üçün ayrılır;

5.3.2. həmin şəxsə qulluq üçün bir təyyarə bələdçisi ayrılır, bələdçi respiratorlu maskadan istifadə edir. Xəstəliyə şübhəli şəxsə qulluq edən bələdçinin digər sərnişinlərlə və onların əşyaları ilə təmasda olmasına yol verilmir;

5.3.3. xəstəliyə şübhəli şəxsin istifadə etdiyi qabların, əşyaların ayrıca polietilen paketdə qablaşdırılması təmin edilir;

5.3.4. xəstəliyə şübhəli sərnişin və onun səhhətinin vəziyyəti barədə məlumat pilot tərəfindən dispetçer vasitəsilə aidiyyəti üzrə hava limanındakı tibb məntəqəsinə və əməliyyat mərkəzinə bildirilir;

5.3.5. xəstəliyə şübhəli şəxs son növbədə hava gəmisindən təhlükəsizlik tədbirləri görülməklə çıxarılaraq tibb işçilərinə təhvil verilir.

6. Uçub gəlmə proseduru

6.1. Sərnişinlərin hava gəmisindən çıxması zamanı məsafəyə riayət etmələri tələb olunur. Kabinə ekipajı hava gəmisindən çıxış zamanı sərnişinlərin toplaşmasının qarşısını almaq üçün çıxış qaydasını tənzimləyir.

6.2. Terminal binasına daxil olarkən sərnişinlərin əlləri dezinfeksiya olunur, həmçinin tibbi maskası olmayan sərnişinlərə maska təqdim edilir.

6.3. Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri tərəfindən aşağıdakı yoxlama tədbirləri həyata keçirilir:

6.3.1.xüsusi avadanlıq vasitəsilə hərarətin ölçülməsi və lazım olduqda xüsusi testləşdirmənin aparılması;

6.3.2.arayışların yoxlanılaraq sərhəd nəzarəti zamanı təqdim edilməsi məqsədilə üzərində qeydlərin aparılması.

6.4. Belə yoxlama nəticəsində tibbi baxımdan şübhəli məqamlar müəyyən olunarsa, Azərbaycan Respublikasının vətəndaşları dövlət hesabına, əcnəbi vətəndaşlar isə şəxsi və ya aidiyyəti aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınırlar.

6.5. Sərnişinlər sərhəd nəzarəti zonasında xüsusi döşəmə/məsafə işarələrinə əsasən məsafəyə riayət etməklə və növbəli qaydada sərhəd nəzarətindən keçirlər və prosedur başa çatdıqdan sonra əllərini dezinfeksiya edirlər.

6.6. Reyslə gəlmiş sərnişinlərin baqajı xüsusi ayrılmış yerdə dezinfeksiya olunaraq alınması üçün baqaj lentinə göndərilir.

Sərnişinlər baqajın təhvil alınması zonasında məsafəyə riayət olunması məqsədilə xüsusi döşəmə üzərində işarələnməni nəzərə almaqla baqajı götürərək terminal ərazisini tərk edirlər.

7. Aerovağzal kompleksində prosedurlar

7.1. Məsafənin təmin edilməsi məqsədilə bütün aşağıda göstərilən növbəgözləmə mərhələlərində və sərnişinlərin potensial toplaşma yerlərində xüsusi döşəmə stikerləri / məsafə işarələri ilə nişanlanır:

7.1.1. aerovağzal kompleksinə girişdə;

7.1.2. aviasiya təhlükəsizliyi üzrə baxış məntəqələrində;

7.1.3. sərnişinlərin qeydiyyatı zonasında;

7.1.4. sərhəd nəzarəti zonasında;

7.1.5. baqajın təhvil alınması zonasında.

7.2. Məsafənin təmin edilməsi, tibbi maskalardan istifadə, əllərin dezinfeksiyası qaydaları, COVID-19 əlamətləri və profilaktik tədbirlər barədə sərnişinlərin məlumatlandırılması məqsədilə məlumat göstəriciləri, monitorlar və posterlərdən istifadə olunur.

7.3. Hava limanında xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə:

7.3.1. Gəldiyi reyslərdə:

1. təhlükəsizlik tədbirləri görülməklə şəxs tibb məntəqəsinə aparılır;

2. tibb məntəqəsi 103 Təcili Təxirəsalınmaz Tibbi Yardım (bundan sonra – 103 TTTY) xidmətinə məlumat verir;

3. tibb məntəqəsi xəstəlik halını qiymətləndirdikdən sonra, “COVID-19 şübhəli hal barədə məlumat forması” ilə birlikdə xəstəni 103 TTTY əməkdaşlarına təhvil verir;

4. şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki  arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və TƏBİB-ə bildirilir;

5. COVID-19 şübhəli xəstə, 103 TTTY xidməti vasitəsilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş xəstəxanaya daşınır.

7.3.2. Transfer:

1. xəstəliyə şübhəli şəxs növbəti reysə minik icra edilənədək, tibbi personalın müşahidəsi altında xüsusi ayrılmış otağa yerləşdirilir;

2. şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və TƏBİB-ə bildirilir;

3. aviadaşıyıcı belə sərnişin haqqında müvafiq qaydada məlumatlandırılır;

4. aviadaşıyıcı tərəfindən icazə verildikdə sərnişin uçuşa buraxılır;

5. xüsusi müşahidə altında digər sərnişinlərlə məsafəni təmin etmək şərtilə təyyarəyə keçirilir;

6. belə icazə verilmədikdə sərnişin şəxsi və ya gəlmə uçuşunu icra etmiş aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınır.

8. Hava gəmilərində təmizlik və təminat prosedurları, salonların təmizlənməsi və dezinfeksiyası

8.1. Hava gəmisi salonlarının təmizlənməsi və dezinfeksiyası hava gəmisi geri uçuş yerinə yetirərkən və uçuşdan sonra həyata

keçirilir.

8.2. Tullantıların utilizasiyası ehtiyat tədbirlərə riayət olunmaqla və səlahiyyətli sanitar orqanların tövsiyələrinə müvafiq qaydada

həyata keçirilir.

8.3. Hava gəmisi kabinəsində havatəmizləyici filtrlərə nəzarət və onların dəyişdirilməsi epidemioloji vəziyyət zamanı müəyyən edilmiş reqlamentə uyğun həyata keçirilir.

8.4. Təyyarədə oturacaqların cibində yerləşən, istifadəsi birdəfəlik olanlar istisna olmaqla, digər kartlar, bukletlər və s. təsdiqlənmiş dezinfektantlarla zərərsizləşdirilir.

8.5. Təyyarədə oturacaqların cibində bioloji materiallarla kontaktı olan vasitələrin atılması üçün ağzı kip bağlanan paketlər olur.

9. Qida təminatı 

9.1. Uçub gedən hava gəmiləri üçün:

9.1.1. xidmətə cəlb olunan bütün işçilər qida təminatı sexindən çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska,

eynək, əlcəklər) istifadə etməlidirlər;

9.1.2. avtolift təmiz olmalı və dezinfeksiya edilməlidir;

9.1.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər;

9.1.4. ketrinq xidməti tərəfindən istifadə olunan hava gəmisi avadanlığı (arabalar, sobalar, bokslar və s.) təmiz olmalı və dezinfeksiya edilməlidir;

9.1.5. sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmalıdır;

Hava gəmisinə xidmət başa çatdıqdan sonra bazaya qayıdış və qoruyucu vasitələrin utilizasiyası həyata keçirilir.

9.2. Uçub gələn hava gəmiləri üçün:

9.2.1. xidmətə cəlb olunan bütün işçilər qida təminatı sexindən çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska, eynək, əlcəklər) istifadə etməlidirlər;

9.2.2. avtolift təmiz olmalı və dezinfeksiya edilməlidir;

9.2.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər;

9.2.4. hava gəmisindən qabların və ketrinq xidməti tərəfindən istifadə olunan hava gəmisi avadanlığı (arabalar, sobalar, bokslar və s.) çıxarılmalıdır;

9.2.5. hava gəmisinin boşaldılması başa çatdıqdan dərhal sonra avtoliftin daxili hissəsi dezinfeksiya edilməlidir;

9.2.6. bazaya qayıdış, avadanlıq boşaldılmalı, avtolif yuyulmalı və dezinfeksiya edilməlidir;

9.2.7. birdəfəlik istifadə qabları, qida tullantıları və qoruyucu vasitələr utilizasiya olunmalıdır.

10. Hava gəmilərində məişət xidmətləri proseduru

10.1. Uçub gedən hava gəmiləri üçün:

10.1.1. xidmətə cəlb olunan bütün işçilər sanitar-məişət xidməti binasından çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska, eynək, əlcəklər) istifadə etməlidirlər;

10.1.2. avtonəqliyyat təmiz olmalı və dezinfeksiya edilməlidir;

10.1.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər;

10.1.4. hava gəmisinə xidmət başa çatdıqdan sonra bazaya  qayıdış və qoruyucu vasitələr prosedura uyğun utilizasiya olunmalıdır.

Loading...

close
close