"Əlavə vaxta hazırlaşanda futbolçulara dedim ki..." - Qurbanov GÖRÜN NƏ DEDİ

23.02.2024 09:43
518
65d830d08f470202402244448

"Futbolçularıma təşəkkür edirəm, həmçinin bizim möhtəşəm azarkeşlərimizə də. Bir şeyi qeyd etmək istəyirəm. Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Bu birlik haradan yaranıb? Xalqımızı çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki, həmişə sevinsinlər".

AZSABAH.COM xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə Bakıdakı cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. 

Ağdam təmsilçisi dramatik keçən görüşdə 2:3 hesabı ilə uduzsa da, ilk matçda - Portuqaliyada möhtəşəm qələbə qazandığı üçün ümumi hesabda rəqibini üstələyərək (6:5) 1/8 final mərhələsinə adlayıb. 

Q.Qurbanov isə mətbuat konfransında əvvəlcə bu tarixi nəticəni şərh edib: "Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş Komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı çıxışlarında deyir. Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab Prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına Prezident seçildi... İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbr etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm".

Mütəxəssis Nəriman Axundzadənin ilk matçda fərqlənə bilməməsinə, lakin bu gün komandasını 1/8 finala aparan qolu vurmasına toxunub. İlk görüşdən sonra "Bəlkə də Nəriman həmin qolu vursaydı, tez böyüməyəcəkdi" - deyə söyləyən baş məşqçi oyunçusunun 1 həftəyə mənəvi baxımdan  böyüdüyünü bildirib: "Bəli, Nəriman çox böyüdü və çox böyüyəcək. İnsan məsuliyyətlidirsə, onun böyümək şansı da böyükdür. Nərimanın oradakı epizoddan sonra durumunu görmüşdüm. Ağlayırdı. Hamımız ona təsəlli verirdik. Məşqlərdə də daim çalışırdı. Bazadan kənara çıxmırdı. Bu gün Allah ona əvəzini verdi".

O, "Hesab 0:2 olarkən nə düşünürdünüz" sualını belə cavablandırıb: "0:2-dən sonra düşünəcək bir şey yox idi. Belə matçlarda nə rəqibin, nə də özümüzə qırmızı vərəqə göstərilməsini istəmirəm. Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vərəqə vermək nə dərəcədə düzgündür? Hamını nəzərə almaq lazımdır. Bütün futbolçular qalib gəlmək istəyir, aqressiv olur. Birdən-birə komandanı ruhdan salmaq təsir etdi. Amma bunların hamısının faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu".

Q.Qurbanov qarşıdakı hədəflərdən söz açıb: "Onsuz da, biz ümidlə yaşayırıq, çalışırıq. Qarşımıza məqsəd qoymuruqsa, nə dəyərimiz olar, nə də nəticəmiz. Bu cür qələbər futbolumuz üçün böyük uğurdur. İstənilən turnirdə şansımız varsa, maksimum istifadə edəcəyik. Həmişə demişəm, uduza bilərik, hansısa turnirdə istədiyimizi etməyə bilərik, amma rəhbərlik başda olmaqla, bu klubda məsuliyyətsiz insan yoxdur. Olursa da, tez bir zamanda bu düşərgəni tərk edir. Bir şeyi bilin ki, məsuliyyətlə çalışırıq, Azərbaycanı, "Qarabağ"ı düşünürük".

Mütəxəssis 1/8 finalda xüsusi olaraq hansısa bir komanda ilə qarşılaşmağı arzulamadığını deyib: "Arzuladığım rəqib yoxdur. Sabah biləcəyik".

O, əzmkarlıqlarının və xarakter göstərməklərinin sayəsində oyunda dönüş edə bildiklərini qeyd edib: "Dönüş nöqtələrini saymaq olar. Məncə, əzmkarlıq və xarakter. 0:2-dən sonra istəyirdim ki, 90 dəqiqə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa, olsun, məöğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu. Qələbə də onunla bitdi".

Q.Qurbanov "Bu gün rəqib üstün oynadı. Əlavə dəqiqələrdəki qollar və Nərimanın xilaskarlığı... Bu ssenari haqda nə deyərdiniz" sualına bu cür cavab verib: "Rəqib 90 dəqiqədə qalib gəldi. Amma hər şey 10 nəfərlə qaldıqdan sonra başladı. Buna qədər oyun tam istədiyimiz kimi idi, üstünlük bizdə idi. Nərimana gəlincə, dünya futbolunda belə hallar olub. Hansısa oyunçu penaltini qaçırıb, ya penalti edib, sonda qələbə qolunu vurub. Futbol bu cür hallara görə çox sevilir. Hamımız səbrli olmalıyıq. Futbol elə oyundur ki, düşünmədiyimiz anlar, epizodlar olur. Sona kimi inanmaq və güvənmək lazımdır".

Mütəxəssis milli komandanın hazırkı durumu və gələcəyi ilə əlaqədar verilən sualı bir neçə sözlə cavablayıb: "İnşallah, yaxşı olar. Allah xeyirlisini nəsib etsin".

Qurban Qurbaniv "İlklər həmişə yaddaqalan olur. İlk çempionluq və ilk dəfə Çempionlar Liqasının qrupuna düşəndə sevinc gözyaşlarınızı saxlaya bilməmişdiniz. Növbəti gözyaşlarınızı görmək üçün "Qarabağ" hansı uğura imza atmalıdır" sualını "Nə bilim(gülür). Baxarıq da" sözləri ilə reaksiya verib.

O, oyundan əvvəl azarkeşlərin "Qarabağ"ın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovla özünün plakatanızı asmasına da münasibət bildirib: "Birbaşa deyim ki, çox duyğulandım. Sonda da kənara baxdım. Çünki Allahverdi Bağırov əvəzolunmaz biri idi".

Mütəxəssis Elvin Cəfərquliyevin qırmızı vərəqə alması və Bəhlul Mustafazadənin rəqibin penalti qazanmasına səbəb olması haqda da danışıb: "Elvinə bilirsiz nə dedim? Qucaqladım və dedim ki, oğulsan. Uduza bilərik, amma bu komandaya qarşı belə ürəklə oynamaq... Əgər futbolçum "Braqa"nın oyunçusundan çəkinmirsə, 50-60 metr irəli qaçırsa, geri qayıtmaqdan qorxmayıb, hücuma gedirsə, buna ürək lazımdır. Onların əziyyətinə, məsuliyyətinə və döyüşkənliyinə görə, həmin epizodlar üçün onları qınamaq düzgün olmaz. Bu gün meydanda bərk futbolçularım var idi. Bir gün Nəriman vurur, başqasının səhvini sığortalayır, başqa gün digəri vurur Nərimanın səhvini sığortalayır. Dünyada futbolu analiz etməyən biri yoxdur. Bu da futbolun sevilməsinə gətirib çıxarır. Deyim ki, Nəriman hansısa təzyiqi götürdü... Nərimanın qolu xalqımıza sevinc bəxş etdi".

Baş məşqçi oyunun gedişatında futbolçularla etdiyi söhbətdən də söz açıb: "Təcrübəmiz var. Tək bu günün işi deyil. Şanlı zəfərimizdən sonra futbolçulardan daim ürəkli olmağı, heç kimdən çəkinməməyi tələb edirəm. Buna səbəb var, bayaq dedim. Biz heç kimdən qorxmalı deyilik, qalib xalqın övladları və komandasıyıq. Hər oyundan əvvəl bu fikirləri futbolçularıma çatdırıram. Bu cür azarkeş qarşısında oynayanda, heç bəzən mənim motivasiyama ehtiyac olmur. Meydana çıxanda, sona qədər vuruşmağa, ürək qoymağa hazır idilər".

O, jurnalistin "Mətbuat konfransına daxil olanda sizi hamı alqışladı. Yarımfinal və finala çıxsanız, sizi necə təbrik edəcəyik? "Qarabağ"a qarşı "İnter"lə oyunda edilmiş haqsızlıqdan sonra "Dnepr" finala qədər irəliləmişdi. Sizcə, bu mövsüm ədalət bərqərar olar" sualını cavabsız qoymayıb: "Təki, yarımfinal, final olsun, mən sizi təbrik edərəm. Sizin hər birinizə böyük dəyər verirəm. Çox istəyərəm ki, bu cür qələbələr haqda daha geniş yazılarınız olsun. Hardasa, nəyisə itiririksə, ondan əl çəkməyib düzgün yanaşırıqsa, onun qarşılığı nə vaxtsa olmalıdır. Sadəcə öz işimizlə məşğul olmalıyıq. Nəticələr gələcək".

Q.Qurbanov "Qarabağ"ın futbolçularına digər klubların marağının artacağı halda buna yalnız sevincəcəklərini vurğulayıb: "Təki olsun. Klub olaraq böyüməliyik. Belə şeylər olmasa, Avropa transfer bazarından uzaq olsaq, yerimizdə sayacağıq. Onlar olarsa, həvəsli olacağıq, hansısa oyunçunu satıb, transfer edə biləcəyik. Təbii ki, istəyərdim bu kollektiv qalsın. Amma bəzən bizdən asılı olmayan səbəblər var. Elə hallar olsa, demək işimiz çoxalacaq".

Baş məşqçi jurnalistlərdən birinin "Ölkə xaricində işləməklə bağlı təklifləriniz olub, amma "Qarabağ"da qalmısınız. Çox istəyərdim ki, siz AFFA prezidenti olasınız. Ölkə xaricindən hansısa təklif gəlsə, gedəcəksinizmi" fikirlərinə də münasibət bildirib: "Nə deyim? Yaxşı olar, Allah xeyirlisini nəsib etsin (gülür). Mən bu ölkənin kiçik vətəndaşıyam. Öz vətənimə, xalqıma çox məsuliyyətlə xidmət etməyi daim düşünmüşəm. Bu gün də bundan həzz alıram ki, belə məsuliyyətin altındayıq. Yavaş-yavaş, pillə-pillə irəliləyirik. Əziyyətimizin bəhrəsini Allah verir. Digər dediklərinizə gəldikdə, vəzifələr.... Allah xeyirlisini nəsib etsin".

O, "Qarabağ"ın tarixindən yazılacaq kitabın adı necə yazılmalıdır" sualına "Bu suala hazır deyiləm. Məni azdan-çoxdan tanıyırsınız, çox da öz uğurumuz haqda danışmağı, böyütməyi istəmirəm. Bu, məndən asılı və mənə aid olan məsələ deyil" - deyə cavablayıb.

Qurban Qurbanov Portuqaliyada keçirilən ilk oyundakı qələbədən sonra futbolçularını başına yığmış və onlarla danışmışdı. Mütəxəssis futbolçulara dediyi sözlər barədə Bakıdakı görüşdən sonra danışacağını qedy etmişdi. O, bu mövzu haqda bunları söyləyib: "İşimizlə bağlı danışıq idi. Portuqaliya klubuna 4 qol vurmuşuqsa, ola bilər futbolçularımıza rahatlıq gələrdi. Yəni, səfərdə vurmuşuqsa, Bakıda 100 faiz qalib gələcəyik. Bir tərəfdən yaxşı səbəbdir, digər tərəfdən mane olardı. Kiçik dialoqumuz oldu ki, heç nə etməmişik və Bakıda daha çox güc sərf etməli olacağıq. Müsahibələrimizdə diqqətli olmalı olduğumuzu demişdim".

Baş məşqçi "Xankəndidə ilk oyununuzu keçirmisiniz. Avrokubok matçını Xankəndidə keçirmək istəyərdinizmi" sualını belə cavablandırıb: "Xankəndidəki anlar, o gün... Əvəzolunmaz gün idi. İnanın ki, cənab Prezident topa ilk zərbəni vuranda onunla qürur duydum, ləzzət aldım. Futbolçularımın rəqibdən çəkinməməsi... Oyunçularımız müharibə zamanı hadisələrlə çox maraqlanıblar, onlara igidlərimiz haqda məlumatlar verilib. Qələbəni də başda cənab Prezident olmaqla, xalqımıza həsr edirik".

Q.Qurbanov sonda köməkçisi Elçin Rəhmanovun qırmızı vərəqə ilə cəzalandırılmasına da toxunub: "Bu komandada Elçinin rolu danılmazdır. Mənim ən çox güvəndiyim, işimizi ən çox müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli fikirləri var. Onun bu fikirləri komandaya fayda verir. O, qırmızı vərəqə alandan sonra bəzən çevrilirdim ki, nəsə deyim, görürdüm, Elçin yoxdur. Daha sonra uyğunlaşdım. O da bir zərbə idi. Amma komanda bacardı. Qarşıdakı oyunda Elçin yanımda olmayacaq. Amma yenə də ünsiyyətdə olacağıq".