Dolların bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Bu ilin sonuna qədər…”

19.02.2024 07:38
441
65d2cd42ce393202402243842

Fevralın 13-də keçirilən sonuncu valyuta hərracında dollara olan tələbin əvvəlki hərraclarla müqayisədə kəskin artaraq 150 milyon manatı ötməsinin səbəbləri məlum olub. 


Azərbaycan Mərkəzi Bankı tərəfindən yayılan məlumatda, son hərraclarda valyutaya tələbin aktivləşməsinin mövsümi xarakter daşıdığı qeyd olunub.

 


MÖVZU İLƏ BAĞLI:


Azərbaycanda dollarla bağlı VACİB XƏBƏR 



Bildirilib ki, bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır.


Məlumatda, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 faizində təklif tələbi üstələdiyi vurğulanıb: 


“Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”.

Tələbatın artması dolların bahalaşmasına səbəb ola bilərmi?


Keçmiş maliyyə naziri, iqtisad elmləri namizədi Saleh Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, dollar tələbatın artmasından təşvişə düşmək və həyacanlanmaq üçün heç bir əsas yoxdur:


“Çünki Azərbaycanda heç vaxt valyutaların kursu ilə bağlı heç bir problem olmayıb. Ölkəmiz bütün resurslarla və neftlə zəngin olduğu üçün ixracat və ondan gələn gəlirlər potensialı da çox böyükdür”. 


Onun sözlərinə görə, neft hasil və ixrac olunmağa başlayan ilk günlərdən ölkəmizin tədiyyə balansında defisit olmayıb: 


“Əksər dövrlərdə maliyyə əməliyyatları profisitlə yerinə yetirilib. Təkcə ötən il ehtiyat hesaba 10 milyard dollardan çox vəsait yatırılıb. 2022-ci ildə isə bu, 15 milyard dollara yaxın idi. Bu il 1 milyardlıq defisit olsa da, ötən ilki ehtiyatlar hesabına problemi həll etmək olar. 2022-ci ildən bu günə qədər valyuta ehtiyatlarımız 18 milyard dollara qədər artıb. Ümumilikdə isə hazırda strateji valyuta ehtiyatlarımızın həcmi 69.8 milyard dollardır. 


Bunun hamısı bazara buraxılsa, ölkə iqtisadiyyatında çox ciddi problemlər yaradacaq. Ona görə ki, vəziyyət dövlət tərəfindən tənzimlənir”. 


Onun sözlərinə görə, müəyyən bir dövr üçün dollara tələbatın artması mümkündür:


“Prezident İlham Əliyev də inaqurasiya mərasimindən sonra ümumi valyuta ehtiyatlarının 69,8 milyard dollara çatdığını təsdiq etdi. Azərbaycan bu sahədə İsveçrə, Norveç, Sinqapur və bu kimi ölkələrin səviyyəsinə çatıb. Buna görə də tam əminliklə deyirəm ki, ölkədə heç vaxt manatın dollara olan kursu düşməyəcək və bu istiqamətdə heç bir təhlükə olmayacaq. Bu il ilin sonuna qədər isə ölkənin valyuta balansı profisitlə çıxacaq”.


Belə olan halda, nəyə görə ölkəmizdə ABŞ valyutasına tələbat artıb?


Ekspert bu amilin mövsümi xarakter daşıdığını bəyan edib:


“Bunun da ölkə iqtisadiyyatına hansısa bir təsiri ola bilməz”.