Bunları edənlər CƏZALANDIRILACAQ – YENİ QANUNLAR

19.12.2023 14:37
312
658173351618f202312234053
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir.


Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, bu halda dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilir.


Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


X X X


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir.


Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -614-1 maddəsində əksini tapıb.


Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə – on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir.


Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.


Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


X X X


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.


Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -284-2 maddəsində əksini tapıb.


Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü (Dövlətə xəyanət), 276-cı (Casusluq) və ya 284-cü (Dövlət sirrini yayma) maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Eyni əməllər ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.


Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


X X X


Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.


Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Cinayət Məcəlləsinə təklif edilən 281-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.


Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.