“Bundan sonra heç kim rüşvətlə əsgərlikdən yayına bilməyəcək” - ŞOK İDDİA

05.12.2023 22:33
332
656f6de6381d5202312233726

“Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyində son 3 ildə bir dənə də olsun rüşvət faktına rast gəlinməyib”.

AZSABAH.COM xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

O, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydasındakı dəyişiklikdən söz açıb.

Xatırladaq ki, artıq yekun qərarı Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim heyəti verəcək.

Ə. Verdiyev söyləyib ki, Azərbaycan kiçik bir ölkədir və hamı çox yaxşı bilir ki, bu gün nazirlikdən narazı qalanların əksəriyyəti daha əvvəl – 1992-ci ildə yaralanıb 2014-2015-ci ildə Səlim Müslümovun vaxtında müxtəlif üsullarla əlillik əldə edənlər idi ki, onların da əlilliklərinin bir çoxu ləğv olunub:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəldikdə isə daha əvvəl xidmətin əməkdaşı, valideyn və yararlılıq səviyyəsini təyin edən həkim arasında müəyyən razılaşmalar əldə olunurdu və həkimin verdiyi rəy əsasında çox sayda yararlı vətəndaşlar xidmətdən yayındırılırdı. Onların əvəzinə isə sağlamlığında az və yaxud qismən az problemləri olan insanlar xidmətə göndərilirdi”.

Mayora görə, bu məsələlər ölkədə kifayət qədər müzakirə olunandan sonra cənab Prezident tərəfindən verilən sərəncamlar vasitəsilə gələn ilin iyul ayının 1-dən artıq bütün bu yoxlama prosedurları bir neçə pillə şəklində həyata keçiriləcək və bütün yararlıq səviyyələrinə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən baxılacaq.

“Gözləntilərim ondan ibarətdir ki, biz artıq yaxın aylarda bu sistemdə neqativ halların 99,9% aradan qaldırılmasının şahidi olacağıq. Buna heç bir şübhə yoxdur. Çünki sosial reabilitasiyadan narazı olan insanların məhkəməyə müraciət etməmələri onu göstərir ki, onlar, sadəcə, sözdə narazı qalıblar. Yəni insanlar bu və ya digər yollarla əlilliyə görə müəyyən müavinət və Prezident təqaüdü alıblar. Hazırda bu təqaüdlər kəsildiyinə görə, onların narazı qalması normaldır. Amma məhkəməyə müraciətlərin sayında biz dinamika müşahidə etmirik. Onların özləri də bilir ki, məhkəməyə getsələr, xüsusi bir uğur əldə etməyəcəklər. Ona görə də getmirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV