Boyu 160, yaşı 30-dək olan xanımlara ŞAD XƏBƏR - Nazirlik 800 manat MAAŞA İŞÇİ AXTARIR

24.08.2022 17:26
7249
Din

Daxili İşlər Nazirliyi operator vəzifələri üzrə müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

AZSABAH.COM-a nazirlikdən verilən məlumata görə, müsabiqədə yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycanın dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan Azərbaycanın qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək, analitik düşünmə və araşdırma, düzgün qərar vermək və problem həll etmək qabiliyyətlərinə malik, komandada işləmək bacarıqları və qrammatik bilikləri yüksək səviyyədə olan, məsuliyyətli, diqqətli və inkişafa meyilli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə 500-800 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

İştirak etmək istəyən şəxslər avqustun 25-dən sentyabrın 25-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 590-80-63 / 80-63 daxili

(012) 590-80-66 /80-66 daxili