6731030c8615b202411240132

Bir eşqin nəğməsi – “Səkinə dayı qızı” mahnısının maraqlı tarixçəsi

10 Noyabr 2024
460

Bir zamanların sevilən bir mahnısı vardı - "Səkinə dayı qızı". Bu mahnı el şənliklərinin və toyların hitinə çevrilmişdi. 

Bəs, bu gün də toylarda az da olsa sifariş edilən "Səkinə dayı qızı" mahnısı necə yaranıb?

Azsabah.com bizim.media-ya istinadən bildirir ki, tarixçi alim Zaur Əliyev mahnı barədə araşdırma aparıb. Bəlli olub ki, mahnı ilk dəfə olaraq Cənubi Azərbaycanda ifa edilib: 

"Mahnının ilk ifaçısı isə Ququş kimi tanınan Faiqə Atəşi olub. Mahnının müəllifi isə Bakıda anadan olan, lakin sonradan Təbrizə köçən Əli Səlimidir. Əli Zöhrab oğlu Səlimi Bakının "Kubinka" məhəlləsində dünyaya gəlib. Atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən, anası isə Pirşağıdan olub. İlk təhsilini Bakıda alıb, lakin Stalin repressiyaları zamanı, 1938-ci ildə Səlimilər ailəsi Bakıdan sürgün edilib. 

Bakıda olan zaman Əli Səlimini dayısı qızı Səkinə ilə evləndirmək barədə ailələri razılığa gəlibmiş. Lakin sürgün olunduqları üçün bu sevda baş tutmayıb. 

Güney Azərbaycana köçən Əli Səlimi bir çox mahnılar yazır. Onların bir çoxu dillər əzbəri olub, tarixə düşüb. Onun mahnılarının ilk ifaçısı da Vartuş ləqəbilə tanınan Fatma Qənnadə olub. Fatma Əlinin həyat yoldaşı idi. Lakin "Səkinə dayı qızı" mahnısını o heç zaman ifa etməyib. Çünki Fatmanın Əlinin ilk eşqinə qarşı hər zaman qısqanclığı olub. 
Əli Səlimi ilk dəfə Ququşdan mahnını ifa etməsini xahiş edir. Lakin o da rəfiqəsi olan Vartuşun xətrinə bundan imtina edir. Bu zaman işə Məhəmmədhüseyn Şəhriyar qarışır. O, Faiqəni çağırıb deyir ki, "sən necə azərbaycanlısan ki, Azərbaycan dilində oxumursan?!". Şəhriyarın iradından sonra Faiqə mahnını ifa edib. 

Amerikaya köçəndən sonra erməni əsilli amerikalı ilə ailə quran Ququş bir müddət bu mahnını repertuarından çıxarır. Buna səbəbsə ərinin ona qoyduğu ciddi qadağa olub. Nəhayət, 21 mart 2010-cu ildə Londonda Novruz bayramı günü çıxış edən Ququş tamaşaçıların çoxsaylı və təkidli xahişindən sonra yenidən bu mahnını ifa edib. Ququş konsert zamanı öz ansambl üzvlərinə işarə edərək, "görün, argentinalı, puerto-rikalı, venesuelalılar "Səkinə day qızı"nı necə oynayırlar" - deyə zarafat da edib.

Azərbaycanda bu mahnının ilk ifaçılarından biri Sabir Əliyev olub. Sonra isə Rübabə Muradova anasının xahişi ilə bu mahnını oxuyub.