Paytaxtda yaşayış binasında yanğın hadisəsi baş verib.
AZSABAH.COM bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.