Biləsuvarda qadın başqa kişi ilə münasibət qurdu, bunu bilən əri isə... – Şok təfərrüat

01.12.2023 21:33
628
656a1942a7aa0202312233458

Biləsuvar rayonunda 1986-cı il təvəllüdlü Əfqan qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Göyçəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

AZSABAH.COM Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu ilin sentyabrın 18-də Biləsuvar rayonunun kəndlərindən birində baş verib.

Əfqanla arvadı Göyçək arasında yaşadıqları evdə mübahisə yaranıb. Bu zaman Əfqan Göyçəyin ona xəyanət etdiyini əsas gətirərək, onu yumruq və şillə zərbələri ilə bir neçə dəfə sifət, baş və bədən nahiyələrindən vurub.

İstintaq orqanı tərəfindən Əfqan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birgə Biləsuvar rayonunun kəndlərindən birində yerləşən fərdi yaşayış evində yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir: “Zərərçəkmiş Göyçək mənim arvadımdır və biz artıq 15 ildir ki, evliyik. Birgə nikahımızdan 2 övladımız doğulub. Birgə nikahımızın ilk zamanlarında aramızdakı münasibətlər mehriban olsa da, zamanla həmin vəziyyət dəyişdi. Mənimlə Göyçək arasında qısqanclıq zəminində tez-tez mübahisələr baş verməyə başladı. Bizim aramızda baş verən mübahisələrin səbəbi isə Göyçəyin Səməd adlı şəxs ilə münasibətinin olmasıdır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Göyçək ona Səməd adlı şəxslə xəyanət edib və onların arasında yaranan şəxsi münasibətlər hələ də davam edir: “Lakin övladlarım naminə Göyçək ilə ayrılmamışam və ailəmi dağıtmaq istəməmişəm. Sonuncu dəfə iki ay əvvəl Səməd adlı həmin şəxs gecə vaxtı həyətimə məndən xəbərsiz surətdə daxil oldu. Bundan sonra arvadımla aramızda olan ər-arvad münasibətləri daha da korlandı və aqressiya artdı. Habelə mən Göyçəydən ayrılmaq qərarına gəldim”.

Əfqan deyib ki, sonuncu dəfə sentyabrın 18-də, səhər saat 06 radələrində zərərçəkmiş Göyçək ilə arasındaona dəfələrlə xəyanət etməsinə görə mübahisə baş verib: “Mübahisə zamanı əsəblərimə hakim ola bilməyərək, Göyçəyi əlim ilə vurdum. Sonradan Göyçəyin barəmdə Biləsuvar rayon polis şöbəsinə şikayət etdiyini öyrəndim. Əməlimdən peşmançılıq hissi keçirdim. Göyçək ilə barışaraq ailə münasibətlərimi bərpa etməyə cəhd etsəm də, mənimlə barışmadı”.

İş üzrə zərərçəkmiş Göyçəyin sözlərinə görə, əri Əfqanla arasında münasibətlər ilk vaxtlar normal olsa da, sonradan hər ikisi arasında əsassız yerə mübahisələr baş verib: “Əfqan haqqımda əsassız iddialar irəli sürüb və məni guya başqa şəxs ilə münasibətimin olmasında günahlandırdı. Lakin mənim heç kəslə münasibətim olmayıb. Əfqan məni yola verməyib, mənə qarşı fiziki şiddət göstərib. Sonuncu dəfə sentyabrın 18-də, saat 6 radələrində Əfqan yenə mənimlə səbəbsiz yerə mübahisə etməyə başladı. Məni evin pilləkəndən itələyərək, yerə yıxdı. Mən isə düşdüyüm yerdən qalxaraq dərhal həyətə çıxdım və darvazaya doğru qaçdım. Darvazanı açaraq, yaxınlıqda yerləşən valideynlərimin evinə getmək istəsəm də, Əfqan buna imkan vermədi. Boğaz nahiyəmdən əli ilə tutaraq, içəri saldı. Bundan sonra Əfqan mənim sifətimə, baş və bədən nahiyələrimə yumruq və şillə ilə zərbələr vurdu”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra evi tərk edib və valideynlərinin yanına gedib: “Həmçinin Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etdim və Əfqanın məni döyməsi barədə şikayət etdim. Bundan başqa, ərimlə barışmıram, ondan ayrılıram. Ərimin yalnız barəmdə söylədiyi nalayiq ifadələrə görə yaşadığımız kənddə hamının yanında üzr istəyəcəyi təqdirdə onu bağışlaya bilərəm”.

Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əfqana aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri növündə cəza təyin edilib.