Bibiheybətdə avtomobildəki ƏXLAQSIZ OLAYIN detalları açıqlandı - Məhkəmə

16.02.2024 07:54
465
65cedccb63d49202402245555

Bakıda 1981-ci il təvəllüdlü Cəmil əvvəllər tanımadığı və müştəri qismində avtomobilinə əyləşən Aygünə qarşı əxlaqsızlıq edib.


Qlobal.net teleqraf.com-a istinadən bildirir ki, Cəmil 24 dekabr 2022-ci ildə saat 23.55-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğu "Mercedes Benz E320" markalı minik avtomobili ilə "Lökbatan dairəsi" adlanan ərazidə dayandığı zaman müştəri qismində ona yaxınlaşan Aygünlə digər müştəriləri də götürmək şərti ilə 10 manat müqabilində Şirvan şəhərinə aparacağına dair razılaşıb.


Avtomobilə əyləşmiş Aygünü təxminən bir saat müştəri götürmək adı ilə gözlədib. Daha sonra Aygünlə cinsi əlaqədə olmaq qərarına gəlib. Niyyətini həyata keçirmək üçün qadına yalandan digər müştəriləri şəhərin müxtəlif ünvanlarından götürərək Şirvan şəhərinə birlikdə gedəcəklərini bildirib.


Cəmil Aygünü aldadaraq gecə saat 2 radələrində münasib bildiyi yerə, yəni Bibiheybət qəsəbəsində ətrafda heç kimin olmadığı qaranlıq əraziyə gətirib. Avtomobili saxlayıb, sükandan düşərək Aygünün avtomobildə əyləşdiyi arxa sağ oturacaq tərəfə keçib. Aygünə onunla cinsi əlaqədə olmaq istədiyini bildirib.


Aygün cinsi əlaqədə olmağa qəti etirazını bildirib. Cəmil zor tətbiq edəcəyi ilə hədələyərək "problem axtarırısan özünə" deyib, qadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, əynində olan paltarları çıxartmağa məcbur edib. O, Aygünün iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olub.


İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.


"Onu yola sala biləcəyimi bildirdim"


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, fərdi qaydada etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz E320″ markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub:


"Hadisə günü taksi fəaliyyətimlə əlaqədar "Lökbatan dairəsi" yaxınlığında dayandığım vaxtı tanımadığım, adı mənə sonradan məlum olan Aygün yaxınlaşaraq Şirvan şəhərinə getmək istədiyini bildirdi. Ona 10 manatdan 4 nəfər müştəri götürəcəyim təqdirdə Şirvan şəhərinə apara biləcəyimi bildirdim. Aygün təklifimlə razılaşaraq idarə etdiyim avtomobildə arxa sağ oturacaqda əyləşdi.


Təxminən 40 dəqiqə avtomobildə əyləşdikdən sonra "Lökbatan dairəsi"ndən Şirvan şəhərinə gedən avtobus keçdi. Aygünə həmin avtobusla onu Şirvan şəhərinə yola sala biləcəyimi bildirdim. O mənə heç bir narahatçılığın olmadığını, avtomobildə əyləşib gözlədiyini dedi. Bundan sonra mən də sükan arxasında əyləşdim".


"Yalandan dedim ki..."


Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 30 dəqiqə müddətində Aygünlə söhbət etməyə başlayıb: " Aygün şəxsi həyatından mənə danışmağa başladı. Əhmədli qəsəbəsində yerləşən kafedə işlə bağlı danışmağa gəldiyini, 1-2 gündən sonra həmin yerdə işə başlayacağını bildirdi. Mən avtomobildən düşərək Şirvan şəhərinə müştəri axtarmağa başladım.


Məndə Aygünlə tanış olaraq, onunla cinsi əlaqədə olmaq fikri yarandı. Avtomobilə qayıtdım, Aygünə şəhərdə 1 nəfər adamım olduğunu, onu götürərək Şirvan şəhərinə gedə biləcəcəyimizi dedim, onu aldatdım. Əslində elə bir real müştərim yox idi. Məqsədim Aygünü Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan yolunun yaxınlığında yerləşən qaranlıq və heç kəsin olmadığı ara məhəlləyə aparıb, orada onunla cinsi əlaqədə olmaq idi.


Aygün mənə inanaraq təklifimlə razılaşdı, Salyan şossesində yerləşən "Socar" yanacaq doldurma məntəqəsində maşına yanacaq vurduqdan sonra onu fikrimdə tutduğum ünvana apardım. Yolda Aygün mənə 3 uşağının olduğunu və ona görə kafedə işlə bağlı danışmaq üçün gəldiyini bildirdi".


"Mənə əlini vermədi"


Cəmilin sözlərinə görə, avtomobillə "Bayraq Meydanı" adlanan ərazidən keçdikdən sonra gecə saat 2 radələrində Salyan yolunun yaxınlığında yerləşən qaranlıq və heç kəsin olmadığı ara məhləyə daxil olub:


"Aygünə Şirvan şəhərinə getmək üçün götürməli olduğum şəxsin dəqiq olmadığını, getməli olarsa, mənimlə əlaqə saxlayacağını bildirdim. Aygün isə dedi ki, neçə saat gözləyir, həmin şəxs dəqiq bir şey söyləsəydi işimizi bilərdik. Bu sözlərdən sonra avtomobildən enib, onun əyləşdiyi arxa sağ oturacağ tərəfə keçdim, yanında əyləşdim.


Aygünün əlindən tutmaq istəyəndə əlini mənə vermədi. Ona cinsi ehtirasımı təmin etməyimə köməklik etməsinin istədim. Aygün isə "mən ona görə avtomobilə əyləşməmişəm" dedi".


"Cinsi əlaqədə oldum"


Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra şalvarının soyunub, cinsi ehtirasını təmin etmək məqsədilə qadından iyrənc hərəkətlər etməsini istəyib: "Aygün dediklərimlə razı olmayaraq ağlamağa başladı. Onun üzərinə qışqıraraq "özünə problem axtarırsan, nə deyirəm elə" dedim.


Məndən qorxaraq cinsi istəklərimi məcburi şəkildə etməyə başladı. İmtina elədikdə onu zorla məcbur etdim. Ürəyi qalxdığını bildirdi. Amma onun sözlərinə məhəl qoymadım. Cinsi ehtirasımı oral yolla təmin etməyə davam etdim. Alınmayanda Aygünlə təbii yolla cinsi əlaqədə olmağı təklif etdim. O, SPİD xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Cinsi əlaqədə olmaq istəyimi təkrarladım, onun xəstəlikdən əziyyət çəkməsinə inanmadım.


Aygün mənə mane olmağa çalışsa da, ondan şalvarını çıxarmasını tələb etdim. Məndən qorxub, şalvarını çıxardı, onunla təbii yolla cinsi əlaqədə oldum".


"Peşmançılıq çəkirəm"


Təqsirləndirilən şəxs deyib ki, cinsi əlaqədə olandan sonra birlikdə "Lökbatan dairəsi"nə gediblər: "Aygünə "Lökbatan dairəsi"ndə Şirvan şəhərinə müştəri yığaraq onu apara biləcəyimi bildirdim. O da mənə heç bir etiraz etmədi. Təxminən 30 dəqiqə sonra "Lökbatan dairəsi"nə Sabirabad rayonuna gedən taksi gəldi. Müştəri yığılmadığına görə Aygünə həmin taksi ilə Sabirabad rayonuna gedə biləcəyini bildirdim.


Ətraflı


Təklifim ilə razılaşan Aygün avtomobilin qabaq oturacağında əyləşdi. Bu zaman onun maşınımın şəkilini çəkdiyini gördüm. Əyləşdiyi avtomobilin qapısını açıb, Aygündən neynəmək istədiyini soruşdum. Mənə cavab vermədi. Həmin avtomobildən düşərək "Lökbatan dairəsi"nə tərəf qayıtdı. Aygünə qarşı törətmiş olduğum cinayət əməlindən peşmançılıq çəkirəm".


"Onunla razılaşdım"


İş üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, 2018-ci ildə həyat yoldaşı insult xəstəliyindən vəfat edib: "Hazırda üç azyaşlı övladım və qayınanamla birlikdə yaşayıram. Həm azyaşlı uşaqlarıma, həm də qayınanama baxmaq üçün həmişə işləmək məcburiyyətində qalmışam. Sonuncu iş yerim Quba şəhərində yerləşən "Abu-Dabi" restoranı olub. Hadisədən əvvəl bir aya yaxın müddət idi ki, restorandan ayrılmışam. Özümə yeni iş axtarmışam. Buna görə Bakı şəhərində yaşayan Nuranə adlı rəfiqəm məni Əhmədli qəsəbəsində yerləşən bir kafedə işləməyi təklif etdi.


Hadisə günü Bakı şəhərinə gəlib Nuranə ilə görüşdüm. Birlikdə həmin kafeyə baxdıq. Lakin kafe xoşuma gəlmədi. Nuranə ilə bir qədər vaxt keçirdim, axşam vaxtı evə qayıtmağa qərar verdim.


Saat 23.55-də Şirvan şəhərinə getmək üçün "Lökbatan dairəsi" adlanan yerə gəldim. "Binə" ticarət mərkəzinin yaxınlığında sonradan adı məlum olan Cəmil "Şirvan" deyə qışqırdı. Ona yaxınlaşaraq Şirvan şəhərinə getməli olduğumu, ondan neçə manata apardığını soruşdu.


Cəmillə 7 manata razılaşdıqdan sonra onun avtomobilinə əyləşdim. Bir qədər sonra avtomobilə əyləşdi, əslində Şirvan şəhərinə yox, Ələt qəsəbəsinə getdiyini, üç manat artığına məni Şirvan şəhərinə apara biləcəyini bildirdi. Mən də onunla razılaşdım".


"Mənimlə tanış olmaq istədiyini dedi"


Zərərçəkmiş deyib ki, Cəmil əlində saxladığı əşyaları başqa müştərilərin rahat otura bilməsi üçün ondan alıb və baqaja qoyub: "Təxminən yarım saat gözlədik, heç bir müştəri gəlmədi. Cəmil şəhərdə iki müştəri olduğunu dedi, onları götürmək üçün şəhərə getməyi təklif etdi. Mən də onunla razılaşdım. Çünki yolu tək gedəcəyim halda digər üç müştərinin yerinə xeyli pul verməliydim.


Cəmil avtomobilini Lökbatan dairəsindən Şıxov adlanan ərazi istiqamətinə sürdü və yolda şəxsi həyatım haqqında mənə suallar verdi. Evli olub-olmadığımı soruşdu. Mən də həyat yoldaşımın vəfat etməsi barədə cavab verdim.


Maşın Bibiheybət məscidini keçdikdən sonra "Socar" yanacaq doldurma məntəqəsinə daxil oldu. On manatlıq yanacaq doldurduqdan sonra şəhər istiqamətinə davam etdik. Cəmil yolda mənimlə tanış olmaq istədiyini bildirdi. Mən iona məhəl qoymadım, avtomobili saxlamasını tələb etdim. Cəmil də sakit dayandı, sadəcə müştəriləri götürərək qayıdacağımızı bildirdi.


Maşın ilk dairəvi hərəkət yolundan "20-ci sahə" istiqamətinə tərəf döndü və heç kimin olmadığı bir dalanda dayandı. Ətrafda heç kəs yox idi, yalnız ağacları və iki yarımtikili ev gördüm".


"Ona yalvardım"


Aygünün sözlərinə görə, sürücünün onu qaranlıq əraziyə gətirdiyini gördükdə qorxuya düşüb, bu səbəbdən aralarında olan danışıqları yazmaq məqsədilə mobil telefonun səsyazmasını qoşub və gödəkçəsinin cibinə qoyub:


"Cəmil avtomobildən düşdü, kiməsə sosial şəbəkə vasitəsilə səs göndərdi. Bir-iki dəqiqə sonra mənim oturduğu avtomobilin sağ arxa tərəfinə gəlib qapını açdı və yanımda oturmaq istədiyini bildirdi. Ondan müştərinin gəlib-gəlmədiyini soruşdum. Bir neçə dəqiqə ərzində gələcəyini bildirdi və yanımda oturdu.


Dedi, əlini mənə ver. Mən ona etiraz etdim. Ondan avtomobildən düşməsini xahiş etdim, evə getməli olduğumu bildirdim. Amma mənə məhəl qoymadı. Bel nahiyəsindən tiyəsi açılıb-bağlanan bıçağı çıxararaq öz dizinin üzərinə qoydu. Daha sonra bir daha əlimi tutmaq istədiyimi bildirdi. Yenə etiraz etdim.


Məndən nəyə görə hər şeyi belə çətinləşdirdiyimi soruşdu və "özünə problem yaratma" söylədi. Bıçağı döş qəfəsimə tutaraq "problem axtarırsan özünə, mümkün deyil səni buraxım, mən qurtarmalıyam" deyə bildirdi. Xeyli müddət etiraz edərək ağladım və iradəmin əleyhinə hər hansı bir hərəkət etməməsi üçün yalvardım".


"Qorxuduğumdan səsimi çıxara bilməmişəm"


Aygün deyib ki, ətrafda heç kimin olmadığına və Cəmildən qorxduğuna görə qışqırmayıb və müqavimət göstərməyib: "Məni öldürəcəyindən qorxaraq arxa oturacaqda iradəm əleyhinə onunla cinsi əlaqədə oldum. O, məni iyrənc hərəkətlər etməyə məcbur etdi. Daha sonra cinsi əlaqədə olmaq istədi. Fikrindən daşındırmaq üçün yalandan SPİD xəstəsi olduğumu bildirdim. Amma inanmayaraq məni ilk növbədə paltarımı soyunmağa məcbur etdi. Qorxduğum üçün məcbur soyundum. O da özü soyundu, təbii yolla cinsi əlaqədə oldu. Qorxumdan səsimi çıxara bilmədim.


Cinsi əlaqədən sonra Cəmil arxa oturacaqdan düşdü və sükan arxasına əyləşdi. Mən də avtomobilin arxa oturacağında qaldım.


Cəmil avtomobili işə salaraq "Lökbatan dairəsi" istiqamətində sürməyə başladı. Xeyli getdikdən sonra guya özünü peşman olmuş kimi göstərdi. Dedi, məni zorlamaga sən məcbur etdin, mənimlə dost olsaydın, belə olmazdı. "Lökbatan dairəsi"nə çatdıqdan sonra Cəmil mənə avtomobildə gözləməyimi, müştəri toplayaraq yola düşəcəyimizi bildirdi".


"Hadisə barədə məlumat verdim"


Zərərçəkmiş şəxsin sözlərinə görə, Cəmil avtomobildən düşməmişdən əvvəl ondan mobil telefonunu istəyib: "Özü telefonundan zəng edərək nömrəmi öyrəndi. O, avtomobildən düşərək kənarlaşan kimi Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim.


Bundan sonra avtomobildən düşdüm, orada olan tanımadığım şəxslərə zorlanmağım barədə məlumat verdim.


Cəmil mənə yaxınlaşaraq yaşlı bir kişinin Şirvan şəhərinə getdiyini, mənim onun avtomobilinə əyləşərək getməyimi istədi. Əşyalarımı da ora daşıdı. Həmin avtomobilə əyləşdikdən sonra Cəmilin avtomobilinin şəklini çəkmək istədim. Cəmil arxaya baxanda bunu gördü. Mənə yaxınlaşıb avtomobilin qapısını açdı, neynəmək istədiyimi soruşdu. Ona cavab vermədim və avtomobildən düşərək "Lökbatan dairəsi"nə tərəf qayıtdım. Cəmil isə avtomobilinə əyləşərək getdi".


Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmil 8 il müddətinə azadlıqdan məhrum edilib.