“Bəzi qadınlar alimentə görə boşanırlar” – Sosioloqdan HƏYƏCAN TƏBİLİ

04.02.2024 21:54
366
65bfd024849aa202402245756
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində 19 761 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Ekspertlərin fikrinə görə, boşanma prosesində ilk addım daha çox qadınlar tərəfindən atılır. Maraqlıdır, qadınların dözümsüzlüyü niyə artıb? 

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O problemin məğzini belə izah edib:

“Son illərdə “qadına qarşı zorakılıq”, “qadınlar öz hüquqlarını bilmir” kimi mövzularda çox böyük təbliğat işi getdi. Bunlar müəyyən qədər doğru məsələlərdir, amma Azərbaycanda qadının xilas edilməsi uğrunda aparılan mübarizə səhvdir. Çağırışlar, layihələr, qrantlar ailəni xilas etməyə həsr olunmalı idi. 

Bütün səs-küy ona həsr olunmalı deyildi ki, sanki Azərbaycan kişiləri bütün günü qadınları döyürlər. Məsələlər birtərəfli oldu. Azərbaycanda qadını yox, ailəni xilas etmək lazımdır. Səhvi burada etdik. Təşkilatlar bu istiqamətdə heç bir addım atmadı. Geniş layihələr etməli, fəaliyyət proqramları olmalı, sosial və siyasi layihələr reallaşdırmalı idik. Ancaq heç birini etmədik”. 

O qeyd edib ki, bəzi qadınlar alimentə arxayın olaraq boşanırlar: 

“Onun hesabına yaşayacaqlarını düşünürlər. Boşanmalar davranış hadisəsidir. İstənilən davranışın formalaşmasında 4 faktor - insanın psixoloji xüsusiyyətləri, düşdüyü mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlərlərdir.

Qadınlar psixoloji cəhətdən hər zaman həssas və kövrək olublar. Qadınların düşdüyü mühitdə böyük dəyişiklik var. Qabaqlar çox ciddi ictimai qınaq var idi. Ailədə boşanmaq istəyən kişi və ya qadınla söhbət aparılırdı, qınanılırdı. İndi ictimai qınaq yoxdur. İstər sosial şəbəkələrdə, istərsə də filmlərdə maarifləndirici mövzular azdır. 

Əvvəllər insanlar bədii ədəbiyyat oxuyurdular. Bədii ədəbiyyatda sədaqət, ailə dəyərləri ilə bağlı xeyli nümunələr var. İndi kitab oxuyanların da sayı azalıb. Ötən illərdə ailə dəyərlərinə çox böyük üstünlük verilirdi. Hazırda bu dəyərlərə önəm verilmir. Sadaladığım 4 faktor müsbətə yox, mənfiyə doğru dəyişib”. 

Ekspert bildirib ki, ailələr evliliyə hazır olmadan münasibət qururlar: 

“İllər əvvəl ailə quran cütlüklər arasında evlilik barədə daha aydın təsəvvür var idi. Qadın və kişi ailədəki öz vəzifələrini yaxşı bilirdilər, buna görə də problem az olurdu. İndiki gənclər ailəyə nağılvari bir anlayış kimi baxırlar. Hazırda ailənin qurulmasında mənəvi yox, maddi dəyərlər daha çox rol oynayır. Ailəni möhkəmlədən, dağılmağa qoymayan mənəvi dəyərlərdir. Əvvəllər qeyrət, namus, şərəf kimi dəyərlərə önəm verilirdi. İndi bu məsələlər də kölgədə qalıb”.