67342fae633af202411244846

Bakirə olmayan qızları düz-qoş edib ərə verirəm - Azərbaycanlı falçı

13 Noyabr 2024
279

Azərbaycanın tanınmış falabaxanlarından olan Yeganə ilə bağlı hazırlanmış yazını təqdim edirik:

“Biri var, taksidən payıza düşəsən, bir də var, falçıya…

Həm də özünü “ölkənin bir nömrəli falçısı” adlandıran adamın qəbuluna. Bu xoşbəxtlik mənə elə də baha-başa gəlmədi. Cəmisi 35 km yol, 6 litr benzin, 1-cə manat pul və tragikomik bir payız gününü israf eləməklə yeni layihəmizə start verdik.

Budur, “ölkənin bir nömrəli baxıcısı”, efirdən hamının yaxşı tanıdğı Yeganə Zeynalovanın qəbulundayıq. Yeri gəlmişkən, bu layihəmizdə biz də sizləri yalnız “tele-ulduz falçı”larla yenidən görüşdürüb, onları yenidən sizə göstərəcəyik.

“Ayfon”, “Marlboro” və… Qurani-Kərim

Açıq qapıya vurulmuş qara rəngli pərdənin arxasından bizi içəri dəvət edən hökmlü bir səsin ardınca otağa girdik. Evin yuxarı başında nağıllardan təsəvvür etdiyimiz padşah taxtlarına bənzəyən bir divanda başdan ayağa qara geyinib-bürünmüş Yeganə xanım əyləşib. Qarşısındakı masanın üstündə qızılı rəngdə su ilə dolu cam, Qurani-Kərim, “Ayfon” telefonu, külqabı, alışqan və original “Marlboro”siqareti vardı.

Diqqətimi çəkən ilk məqam qəhrəmanımızın tatuaj qaşları və divar boyu düzülmüş diplomlar, sertifikatlar (“Zirvədəkilər”, “Gənclərin dostu”, “Yaxşıların yaxşısı” və s.) oldu. Deməli, qədirbilən xalqımız sənətkarımızı qiymətləndirməyi bacarıb.

Salamlaşıb, xanımın qarşısında əyləşdik. Bizi əməlli-başlı süzdükdən sonra siqaretindən birini çıxarıb yandırdı. Təbii ki, diqqətimdən yayınmayan xınalı əlləri və manikürlü dırnaqları xanımın baxımlılığından xəbər verirdi.

Ancaq “yuxarıların” bildiyi nömrə

Siqaretindən xüsusi ədayla dərin bir qullab alıb soruşdu:

- Nömrəmi hardan almışdız? Axı mənim bu nömrəmi “yuxarılar”dan başqa heç kim bilmir?!.

Təbii ki, naşı müştəri və qeyri-peşəkar jurnalist kimi həyəcanla soruşdum: “Yuxarılar, yəni kim?” (Həmən də səhv buraxdığımı anlayıb özümü biryolluq yığışdırdım və daha təmkinli olmağa qərar verdim).

- Kim olacaq, iş adamları-filan, - dedi.

Ağlıma gələn ilk ad Günay oldu:

- Günay xanım verib nömrənizi. Həm də televiziyadan görmüşdük sizi. Maraqlandıq, ən yaxşı baxıcı kimi sizi məsləhət gördülər.

Xanım yerində qurcalanıb bir az da özündənrazı gorünüş alaraq, uydurmamıza öz reallığını əlavə etdi:

- Bəli, mən bu ölkənin bir nömrəli baxıcısıyam. Allahşükür Paşazadənin razılığıyla çıxmışam, burda da onun hesabına oturub işləyirəm.

Təbii ki, “heyrətlənməliydik”.

Alt-üst bədənlə işləmək vergisi…

Yeganə xanım sürücümüzə üzünü tutub: “Sən bayırda gözlə”, - deyir. Mən, ”qalsın, problem yoxdu”, - desəm də, qaş-gözlə çox özəl suallar verəcəyini bildirir. Deyəsən, bir balaca çətinə düşürük: diktofon sürücümüzün cibində olduğundan, o da mənimlə içəridə qalmaqda israr edir. Xanım üz-gözünü turşudur:

- A kişi, mən burda Amerika açımram ki! Alt-üst bədənindən girirəm, çünki qurbanı olduqlarımız mənə alt-üst bədənlərlə bağlı əcayib suallar verir. Biz müştərinin bədəni ilə işləyirik.

Sürücü çarəsiz qalıb, otaqdan çıxır. Mən də bu “alt-üst” bədənimin nə olduğunu və qurbanıolduqlarımız üçün nə maraq doğuracağını düşünə-düşünə donub yerimdəcə qalıram

Keçək, ömründə bircə dəfə də olsun falçı qapısı tanımayan adamlara belə məlum olan ilkin mərhələyə. Yəni sual atəşinə:

“Adın? Ananın adı? Ailəlisən və ya ayrılmısan? Neçə yaşın var? Uşaq var, ya yox? Harda işləyirsən?..”

Bunlar öz yerində, amma bu məqamda özünün ət ürpəşdirən intim suallarıyla falçımız doğrudan da butun mənalarda Yeganə olduğunu mənə danılmacayaq şəkildə isbat edir.

Şablon suallarıyla məni xeyli yorduqdan sonra gözlərini yumur. Çox çəkmədən əcayib səslərin müşayiəti ilə sir-sifətini əyib elə hala salır ki, qorxmağıma baxmayaraq, qəşş eləməməkdən ötrü dodaqlarımı dişləyib yara eləmək zorunda qalıram.

Gözlərini açan kimi deyir:

- Anal, oral sekslə məşğul olmusan? Bilirsən, qurbanı olduqlarım soruşur bunları ki, mənə doğru cavab versinlər.

Yox, artıq bu dəfə gülməkdən özümü saxlamağa istedadım çatmır. Rəsmən şok!

Qısa özətlə avtobioqrafiyamı aldıqdan sonra “gördüyü” ilk faktları sadalamağa başlayır.

- Üç-dörd dəfə yoldaşınla ayrılmaq qərarına gəlib, sonra fikrindən daşınıbsan. Axırda ayrılmağın yeganə yol olduqunu görmüsüz. Əslində isə özünüz də bilməmisiniz ki, bu sizə olunan əməl-cadudandı… Nəsə, artıq bunlar keçmişdə qalıb. İndi bilmirəm, o vaxtdan qalan caduların nəticəsindəndi, yoxsa sonradan edilən cadulardandı, üstündə əməl, yollarında bağlılıq var.

Xırdaca xərci var – 1500 manat

- Bu əməllər mənə nədə mane olur?

Eyni sual dolu saxta baxışlarla mən də çiyinlərimi çəkib, yazıq-yazıq qadının gözlərinin içinə baxıram.

Cavab yubanmadan falçımızdan gəlir:

- 1500 manat!!! On beş günə səni edəcəm anadangəlmə. Bədənindəki dəyişiklikləri özün hiss edəcəksən.

- Axı mənim səhhətimdə heç bir problem yoxdu?

- Ay qız, sənin üstündə özünün də bilmədiyin şeylər var.

Artıq bazarlığa başlamağın vaxtı çatıb.

- Heç olmasa, minə düşün, özünüz də yəqin ki, baxanda görürsünüz də, maddi imkanım zəifdi.

Üzünə it də baxmayan qızları ərə verirəm

Yeganə xanımın üzünün ifadəsi büsbütün dəyişir və üstümə güllə kimi açılır:

- Mən də varlı yerin qızıyam, varlı ailənin gəliniyəm. Sizin pula qalmamışam. Amma nə edim ki, Allah-taala məni bu işə təyin edib. Mən belə xırda işlərə girmirəm ee… İndi belə baxıram, bədbəxt gəlinsən. Allah yolunda kömək etmək istəyirəm. Ən aşağısı, on minlik iş görürəm. Elə qızlar var, adını it də çəkmir, mən onların üzərində işləyib 9 aya ərə verirəm. Amerikadan, İrandan, Türkiyədən zəng edirlər, gəlib aparırlar məni. Bəh-bəhlə gedib, bəh-bəhlə gəlirəm. Qara adamlarla işləmirəm mən. Olur ki, nömrəmi ordan-burdan çırpışdırırlar (Bu arada, deyəsən, bizi tanınmaza-bilməzə qəbul etdiyini, elə bizim də “qara adam” olduqumuzu unudur).

Baxan kimi görürəm: bakirə deyillər…

Davam edir:

- Adam var, gəlib deyir ki, dörd villam var, kömək elə, yaxşı qiymətə satım, ikisinin pulunu sənə verəcəm. Razılaşmıram. Axı mən makler deyiləm. Biri gəlir ki, beş diplomum var, kömək elə, keçim vəzifəyə. Baxıram, əsgərliyə getməyib, boynuma çəkmirəm. Naxçıvandan yaxşı imkanı olan bir qadın yanıma qızı ilə gəlmişdi. Deməli, hər səhər qızı iş adı ilə evdən çıxıb bir rəssamın yanına gedir, normal qadın kimi yoxaaa… Orda pis işlərlə məşğul olur. Təbii ki, mən baxan kimi bunu gördüm, anasını çölə çıxartdım, qızla tək danışdım. Qız ağlayıb dedi ki, mən manyakam, mənə kömək elə. Bir aya manyaklığını götürüb, qızı təmizlədim. Ərə getdi. Dörd-beş minim cibimdə… Belə müştərilərim çox olur. Hamısına da kömək edirəm. Analarıyla gəlirlər, baxan kimi görürəm, bakirə deyillər, analarını çölə çıxarıb özləriylə işləyirəm. Yazdığımı yazıram, yerdə nə problem qaldısa, həkimini-filanı tapıb, düz-qoş edir, ərə verirəm.

Yanıma daha çox qızıl axtaranlar gəlir. Bir qırıq təyyarə var ee, Kürdəmirə çatmamış rayonun girişində. Həəə, xatırladım, Hacıqabul rayonunda. Hərbi hissəyə yaxın yerdə bir bağ var, onun sahibi vəzifəli adamdı. Baxıcılar onu aldadıb ki, həyətində qızıl var, qoyun oğlu qoyun bir ildi əsir-yesirdi qızıl axtarmaqdan. Gəlib məni apardı. Gedib göstərdim ki, buranın filan yerlərində qızıl olub, amma sizdən əvvəl tapıb çıxarıblar. Sağ olsun, balıqdan belə, necə lazımdı, hörmətimi edib məni yola saldı. Mən olmasaydım, bədbəxti hələ də soyurdu fırıldaq baxıcılar.

Cin vurmuş kimi diksinir…

Falçımızın ürəyini açılmış görüb soruşdum: “Siz cinlərlə işləyirsiniz?” Cin vurmuş kimi diksinib üstümə qışqırdı: “Dur çıx çölə!” Çöl demişkən, deyəsən sürücümüzü xatırladı: “Onu isə içəri çağır”. Mən qapıya çatanda arxadan bir də soruşdu:

- Adın nə oldu sənin?

- Sona.

- Sona, sənin öz ailən tərəfindən sənə cadu olunub. Ailəndə şübhələndiyin biri var?

- Nə bilim, bəlkə də…

- Yaxşı, bunu gələn dəfə danışarıq.

Maykanı gətir, ona dua yazacam

Sürücünü çağırırıq. Deyir: “Bu qız Allaha şükür etsin ki, bu qədər əməl, cadu ilə sağ-salamat qala bilib. Apar bunu yeddi piri gəzdir, gətir yanıma. Sonra qiymətini danışarıq, işi çox olduğuna görə xərci böyükdü. İndi gəl otur, sənə də baxım. – Bir az fikrə dalandan sonra falçımız xırdalayır: - Bahoo… Bu nədi? Sən də eyni dərddəsən ki! Yollarında bağlılıq var. Mənə bir maykanı, bir ətir, bir də qızıl gətir, üzükdən başqa nə olur-olsun. Maykanı yazacam, iyirmi gün əynindən çıxarmayacaqsan.

Sürücümüz dilini dinc saxlamır:

- Bunu bir həftəlik yazmaq olmaz? Ailəli adamam, kir basar, iylənib eləyərəm, arvad çıxıb gedər, qalaram başıma döyə-döyə.

-Yaxşı, gecələr çıxara bilərsən. Amma bu, elə-belə dua deyil aaa… Göz-nəzər, niyyət, əməl duasıdı.

Gözü əlində varlı xanım və cibdə sıfır qəpik…

Beləcə, gəlib çatdıq işin ən önəmli yerinə. Cibdə sıfır qəpik və qarşımızda gözünü əlimizə dikmiş imkanlı xanım. Yavaş-yavaş ayağımızı qapıya tərəf sürüyürdük ki, masanın üzərindəki “Quran”ı açıb, üstümüzə çımxırdı:

- Halallıq haqqını qoyun

“Quran”ın arasındakı bir dollarla on manatlıq diqqətimdən yayınmır.

Pirlərdən çıxıb gələndən sonra haqqını verəcəyimizi, hazırda cibizmizdə pul olmadığını deyirəm. Adam əlini masanın üzərindəki külqabına atanda işin ciddiyyətini anlayan sürücümüz əlini tələsik cibinə salıb bir manat çıxardır. Bu arada xanım manatlığı götürsə də, biədəb söyüşlərlə bizi yamanlamağa davam edir.

Belə, özü demişkən, bəh-bəhlə yola salınıb maşına oturmuşuq artıq. Amma Yeganə xanım arxamızdan hələ də söyüb, haqqını halal etmədiyini qışqırırdı.