Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi olmasına baxmayaraq bu qaydalara məhəl qoymayan vətəndaşlar keçirilən reyd zamanı cərimə olunublar.

AZSABAH.COM "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, dəfələrlə xəbərdarlıq edilir və barələrində inzibati cəza tədbiri görülür. Ancaq nə fayda, hələ də müxtəlif bəhanələr gətirərək tibbi maskadan istifadə etməyən, koronavirus təhlükəsini heçə sayanlar var.

Bakı şəhər Baş Polis və Xətai rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Metronun Əhmədli stansiyasının ətrafında baş tutan reyd zamanı yenə də tibbi maskadan istifadə etməyərək qaydaları pozan xeyli vətəndaş aşkar edilib.

Avtobus dayanacağında tibbi maskadan istifadə etməyən bu vətəndaş isə etdiyi əmələ haqq qazandırmaqla yanaşı, çəkiliş qrupumuza da hücum edir.

Ticarət obyektlərində işləyən bəzi satıcılar da müştərilərlə ünsiyət zamanı tibbi maskadan istifadə etmirlər.

İnsanlar tibbi maskadan istifadə etməmələrini müxtəlif səbəblərlə əlaqələndirirlər.

İnfeksiyanın daha geniş yayıla biləcəyi yerlərdən biri də ictimai nəqliyyatdır. Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyatda da tibbi maskalardan istifadə etmək məcburidir. Lakin avtobuslarda bəzi sərnişinlər tibbi maskadan istifadə etsələr də, onların arasında bu qaydaya əməl etməyənlər də var.

Banklar qarşısında növbə gözləyən əksər vətəndaşların da həm tibbi maskadan istifadə etmədiyi, həm də ara məsafə saxlamadığı məlum oldu.

Qaydaları pozan şəxslər 50 manat miqdarında cərimə olundular.

VİDEO