Bakı və Ankaranın Qarabağ planı: Türkiyənin əsas məqsədi budur - DETALLAR AÇILDI

14.08.2020 00:48
1648

“Türkiyə-Azərbaycan yaxınlaşması Rusiyanı qıcıqlandıracaq, öz ənənəvi siyasətini davam etdirəcək. Amma bu, əbədi olaraq belə qala bilməz. Rusiya buradakı maraqlarını güdürsə, o zaman bir sıra amillə hesablaşmalıdır”.

Keçmiş diplomat, politoloq Fikrət Sadıqov belə düşünür.

AZSABAH.COM onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə və Azərbaycandan qarşılıqlı səfərlərin sayı artıb, elə bu günlərdə birgə irimiqyaslı hərbi təlimlər də baş tutdu. Sizcə, son zamanlarda Türkiyə-Azərbaycan münasibətlərindəki bu aktivlik özündə nəyi ehtiva edir?

- Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olub. Son zamanlarda bu yaxınlaşmanın fəallaşması Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması və aparıcı qüvvələrin buna seyrçi mövqedə qalması ilə bağlıdır. Türkiyə bu dəfə də dünya və həmin aparıcı qüvvələrə sübut etdi ki, Azərbaycanı təkləmək mümkün deyil. Azərbaycan hər zaman Türkiyə ilə birlikdə istənilən ölkəyə adekvat cavab verməyə hazırdır. İrimiqyaslı təlimlərin keçirilməsi, Türkiyədən yüksək vəzifəli generalların ölkəmizə gəlməsi, habelə müdafiə nazirimizin Ankaraya rəsmi səfəri bunun əyani sübutudur.

- Türkiyənin Dağlıq Qarabağ prosesinə daxil olması, bizim və ya ümumi işin xeyrinə olacaqmı?

- Siyasətdə “xeyir” anlayışı yoxdur – maraq anlayışı var. Türkiyənin əsas marağı odur ki, müttəfiq və qardaş ölkə olan Azərbaycanın torpaqları işğaldan azad olunsun. Düşünürəm ki, Türkiyənin əsas hədəfi, Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə kömək göstərməkdir. Bizim də başqa məqsədimiz yoxdur. Ola bilsin ki, bu yaxınlaşma kimisə qıcıqlandırır, hansısa dövlətin maraqlarına ziddir. Amma bu reallıqdır. Yəni biz torpaqlarımızı əbədi olaraq işğal altında saxlaya bilmərik. Türkiyə açıq şəkildə öz hərəkəti, addımları və siyasəti ilə sübut edir ki, Azərbaycanla birlikdə və ya ona kömək etməklə, bu torpaqlar işğaldan azad ediləcək. Bu, aydın bir aksiom kimi dünya birliyi tərəfindən nəzərə alınmalı və qəbul olunmalıdır.

- Rusiyanın bu yaxınlaşmaya münasibəti necə olacaq – bölgədəki maraqlarını nəzərə alaraq müqaviməti artıra bilərmi?

- Müqaviməti artıra bilməz, sadəcə olaraq, Rusiyanın Cənubi Qafqaza təzyiqləri güclənə bilər. Biz, artıq bunu görürük. Görürük ki, aşkar şəkildə Rusiyadan Ermənistana silah daşınır. Baxmayaraq ki, iyul ayında toqquşmalar baş verdi, qan töküldü, amma buna rəğmən Rusiya Ermənistana silah göndərir, onunla sıx öşəkildə hərbi-texniki əməkdaşlıq edir, bu ölkədəki hərbi bazasını genişləndirir. Hazırda Rusiya-Ermənistan münasibətlərinin gərgin olmasına baxmayaraq, öz forpostundan əl çəkmir və əl çəkmək istəməyəcək.

Əlbəttə Türkiyə-Azərbaycan yaxınlaşması Rusiyanı qıcıqlandıracaq, öz ənənəvi siyasətini davam etdirəcək. Amma bu əbədi olaraq belə qala bilməz. Rusiya buradakı maraqlarını güdürsə, o zaman bir sıra amillə hesablaşmalıdır. Təkcə ona görə yox ki, o, Azərbaycanın strateji partnyorudur, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Buna görə də baş verənlər onu nə qıcıqlandırmalı, nə də narahat etməlidir.

- Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi hərbi təxribat günləri və sonra Rusiyadan Ermənistana 400 tondan artıq silah nəql edilməsi - Rusiyanın məqsədi nədir, bu, təkcə təzyiqdirmi?

- Rusiyanın məqsədi münaqişəni asılmış vəziyyətdə saxlamaqdır. Rusiya de-yure ərazi bütövlüyümüzü tanıyır, amma de-fakto onlara kömək edir. Məqsədlərindən biri də budur ki, təzyiq zonasını genişləndirsin və bu məsələnin həllində heç bir irəliləyiş olmasın. Çünki münaqişə ətrafında yaranmış mövcud vəziyyət onları qane edir.

Məsələn, Moskvanın keçmiş sovet ittifaqının bərpası kimi strateji planları var. Amma indi onların bunu həyata keçirməyə gücü çatmır. Çünki ona qarşı meydana bir çox güclü oyunçular çıxıb - ABŞ, Avropa İttifaqı, Türkiyə və s. Yəni bu planı asanlıqla həyata keçirmək mümkün deyil. Ona görə də Rusiya belə münaqişələri uzun müddət həlsiz saxlamağa çalışır. Əlbəttə bunun nə vaxtsa, axırı olmalıdır. Biz də öz məqsədimizə nail olmaq üçün həm diplomatik, həm də hərbi sahədə əlimizdən gələni etməliyik. Bu proses paralel getməlidir.

- Bəs ABŞ və ya Qərbin Türkiyə-Azərbaycan yaxınlaşmasına, o cümlədən son günlərdə bölgədə gedən proseslərə münasibəti nədir?

- Biz, 1990-cı illərdə Qərbə çox ümid etmişik, ondan çox şey gözləyirdik. Heç olmasa, baş verənlərə obyektiv münasibət sərgilməsini istəyirdik. Amma bunu görmədik. Minsk qrupunun üç həmsədrindən ikisi – Fransa və ABŞ Qərb ölkəsidir. Həmin iki dövlət indiyədək seyrçi mövqedə dayanıb. Həm də açıq şəkildə obyektivliyi qəbul etmək istəmirlər, beynəlxalq hüquq normalarını tapdalayırlar. İllərdir öz maraqları çərçivəsində bizə müxtəlif nağıllar danışırlar. “Xalqların sülhə hazırlanması”, “Cəmiyyətin müxtəlif nümayəndələrinin görüşü” kimi nağıllar... Bunlar cəfəngiyatdır, gülüş yaradır.

Qərb seyrçi mövqeyindən əl çəkməlidir. Çünki Rusiya Yaxın Şərqdə, Avropada və digər regionlarda öz sözünü deyir, öz istədiyini edir. Amma ABŞ bir çox hallarda öz münasibətini bəyanatlarla yekunlaşdırır. Onlar bölgədə münaqişənin yenidən alovlanmasını istəmirlərsə, öz sözlərini deməlidir.

Türkiyə-Azərbaycan yaxınlaşmasına gəlincə, onlar heç vaxt gizlətmədilər ki, Azərbaycan dost və qardaş ölkədir. Türkiyənin son illərdə müstəqil siyasət yürütməsi və bir sıra hallarda maraqlarının Qərblə toqquşması göstərir ki, o dövlət heç bir qüvvə ilə hesablaşmayacaq. Bu siyasət kimisə narahat edir və ya qıcıqlandırırsa, bu onların öz problemləridir.

Loading...

close
close