Bacı dediyi ailəli qadınla zirzəmidə tutuldu - Azərbaycanda BİABIRÇILIQ

08.02.2024 23:28
362
65c52c92de9e6202402243338

Beyləqan rayonunda 1978-ci il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Ramili öldürüb, keçmiş arvadı Sevdanı (adlar şərti göstərilib - red.) isə öldürməklə hədələyib.

Vəli 1973-cü il təvəllüdlü Ramillə keçmiş arvadı Sevdanın arasında sevgi və intim münasibətlərinin olmasından şübhələndiyi üçün qısqanclıq niyyəti onu öldürmək qərarına gəlib.

23 dekabr 2022-ci ildə saat 15.49-da sərxoş vəziyyətdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən və keçmiş arvadı Sevdaya məxsus olan "Aytac" kompüter xidmətləri mərkəzinə gəlib. Orada Sevdanın ünvanına təhqir və hədə xarakterli sözlər işlədib. Bu zaman mərkəzin yerləşdiyi tikilinin pəncərəsindən Ramilin gəldiyini görüb. Əvvəlcədən hazırlaşdığı cinayəti törətməyə şərait yarandığını düşünüb və arakəsmə divarla ayrılmış arxa otağa keçib.

Ramil mərkəzə daxil olaraq güləş üzrə keçiriləcək idman yarışları üçün sifariş etdiyi diplomları Sevdadan götürən zaman Vəli onun binadan çölə çıxa bilməməsindən ötrü giriş qapısını bağlayıb. Özündə olan bıçaqla Ramilin qarın nahiyəsinə zərbə vurub. Lakin Ramil bu zərbədən yayına bilib.

Vəli sağ əlində saxladığı bıçaqla onun boyun nahiyəsindən vurub. Ramil kəskin qanitirmə səbəbindən ölüb.

Bundan sonra Vəli əsəbi halda Sevdanın yaxasından tutub və bıçağı əlində saxlayıb. O, Sevdanı da öldürməklə hədələyib.

İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.

"Boşansaq da, bir yerdə yaşamışıq"

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, ibtidai araşdırma dövründə verdiyi ifadələri təsdiq edir: "Sevda mənim qeyri-rəsmi arvadım olub. Bir yerdə olmuşuq. Onunla hadisədən çox əvvəl boşansaq da, bir yerdə yaşamışıq. Ramillə də yaxşı münasibətlərimiz olub, bir yerdə məşq etmişik.

Özüm Bakı şəhərində işləmişəm. Ay ərzində evə bir-iki dəfə gəlib dəymişəm. Nə lazımdısa alıb Sevdaya verdikdən sonra geri qayıtmışam".

"Başıma pis iş gətirəcəyini dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin dekabrın 10-u və ya 11-i yenə evinə gəlib:

"Qapını döydüm, yoldaşım açdı. Evə daxil olduqda zirzəmidən səs eşitdim. Zirzəmiyə düşəndə Ramili orada gördüm. Əsəbləşərək orda onu döydüm. Ramil əlimdən çıxaraq qaçdı. Sonra yoldaşımla danışdım. Sevda ağlaya-ağlaya dedi ki, Ramil sənəd üçün gəlib, qızının işi ilə bağlı pulu alıb qaytarmağa kömək edəcək.

Hadisənin səhəri Ramil mənə zəng vurub, təhdid etdi, mənim əlimi-qolumu bağlayıb, gözümün qabağında ailə-uşağıma pis hərəkətlər edəcəyini bildirdi. Eyni zamanda özümü də baqaja basaraq başıma pis iş gətirəcəyini dedi".

"Bu sözdən sonra susdular"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramil onu qardaşı uşaqları Telman və Səlimlə də hədələyib: "Bu sözlərdən sonra Ramilə sakitləşməyi bildirdim və telefonu söndürdüm. Sonra özüm Ramili yığsam da, cavab vermədi. Üç-dörd gün sonra Ramil mənə yenidən zəng vurdu və Aqilin restoranı deyilən yerə çağırdı. Həmin vaxt tanışımgildə idim. Ramilə ordan çıxanda zəng vuracağımı dedim. Tanışımgildən çıxıb ona zəng elədim. Ramil dedi ki, gəl, səninlə işim var. Dedim ora gəlməyəcəm, görüş başqa vaxta qalsın. Sonra Ramilə geri yığsam da, yenə telefona cavab vermədi.

Bu hadisədən sonra Ramilin qardaşı oğlu Səlim zəng elədi. Dedi ki, bu nə haq-hesabdır, qorxma, sənə söz deyəcəm, görüşək işim var. Ramil mənə deyib, sən onu niyə döymüsən?

Ondan harda görüşə biləcəyimizi soruşduqda hazırda məşq keçdiyini, çıxanda görüşəcəyini bildirdi. Səlimin obyektinin qarşısına gəldim. Yaxınlıqda məktəbin həyətində söhbət etdik. Səlimin qardaşı Telman da ora gəldi. Soruşdular ki, Ramili nə səbəbə döymüşəm. Cavabda dedim ki, Ramil bacı dediyi adamın evində zirzəmidə nə gəzirdi, o mənə qardaş deyib, niyə belə hərəkət edib? Bu sözdən sonra onlar susdular. Onlara bu barədə heç kimə bildirməməyini, söhbətin bağlanmasını tapşırdım".

"Görəndə özümü saxlaya bilmədim"

Vəli qeyd edib ki, bundan xeyli sonra dekabrın 22-də 1 nömrəli məktəbin yanında yolda Ramillə qarşılaşıb: "Orada da Ramil məni təhqir edərək, nəslimi söydü, daha sonra məni yaşamağa qoymayacağını, itirəcəyini bildirərək təhdid etdi. Mən bu sözlərdən həyəcanlandım və yanıma yaxınlaşmamış evə qaçdım.

Səhəri ad günüm olacağından evdə arvadımla məsləhətləşdik, bazara gedərək bazarlıq etməyi qərarlaşdırdıq. Bu məqsədlə yoldaşımın işlədiyi yerə - kompüter kursuna gəldim. Ora gedərkən üstümdə bıçaq vardı. Həmin bıçağı Ramil məni hədələdiyindən, özümü müdafiə məqsədilə almışdım.

Yoldaşımla söhbət edən vaxt Ramil gəldi. Onun gəldiyini pəncərədən gördüm. Gizləndim ki, məni görməsin, çıxıb getsin. Lakin səsini eşidəndə özümü saxlaya bilmədim, başım döndü. Özümü idarə edə bilmədim, Ramilə dedim ki, sən kimi hədələyirdin? Qapı açıq olduğundan qapını da bağladım ki, içəridən səs getməsin. Həmin vaxt bıçaq əlimdə idi. Məqsədim Ramili qorxutmaq idi. Dedi ki, vaxtı gələndə görəcəksən. Ramilin qarnına tərəf bıçaq atdım. O, çəkilərək bıçaqdan yayındı".

"Bu dəfə yayına bilmədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Ramilə aralıdan bıçaq atıb ki, qorxub getsin:

"Amma bıçaq Ramilin boğazına dəydi. O, çıxaraq maşına mindi, getdi. İkinci zərbəni atanda dedm ki, yenə yayınar, qapıdan çıxaraq gedər. O isə yayına bilmədi, ağzından qan gəldiyin görəndə bildim ki, bıçaq boğazına dəyib.

Ramili öldürmək niyyətində olmamışam. Ondan aralı olduğundan bıçağı boğazəna atdım ki, bilsin, əlimdə bıçaq var, qorxsun. Ramili öldürmək məqsədim olmayıb. Sonra nə baş verdiyini bilməmişəm. Polisə könüllü getmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evdə 250-300 qram araq içib. Hadisə zamanı isə arvadını öldürməklə hədələməyib: "Yaxasından tutaraq dedim ki, öz həyatını da, mənim həyatımı da məhv etdin.

Adını dəqiq xatırlamadığım şəxslərdən eşitmişdim ki, Ramil arvadım Sevdanı hədələyib, onu sıxışdırıb. O mənim özümü də hədləmişdi, başıma pis-pis işlər gətircəyini bildirmişdi. Məhkəmədən barəmdə rəhimli və ədalətli qərar qəbul edilməsini xahiş edirəm".

"Barışıq yoxdur, şikayətçiyəm"

İş üzrə zərərçəkmiş Ramilin hüquqi varisi, oğlu Vüqarın sözlərinə görə, təqsirləndirilən şəxslə atası arasında olan münasibətlərdən məlumatsızdır: "Hazırda Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində ali təhsil alıram, tələbəyım. Buna görə də Gəncə şəhərində yaşayıram və tətillərdə Beyləqan şəhərinə gəlirəm.

23 dekabr 2022-ci ildə Gəncə şəhərində olan vaxt mobil telefonuma zəng gəldi və atamın ölüm xəbərini eşitdim. Beyləqan şəhərinə gəldikdə atamın təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrəndim.

Təqsirləndirilənlə aramızda heç bir barışıq yoxdur, ondan şikayətçiyəm. Ona ömürlük cəza təyin edilməsini xahiş edirəm".

Məhkəmənin hökmü ilə Vəli 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, şərti adla təqdim etdiyimiz Ramil güləş üzrə əməkdar məşqçidir. Dəfələrlə dünya çempionu olan Eldəniz Əzizovun şəxsi məşqçisi olub.

Bundan başqa Birinci Qarabağ Müharibəsi qazisidir.Vətən Müharibəsində də iştirak edib, ən qaynar döyüş nöqtələrində olub. / teleqraf.com