Azərbaycanın quru sərhədlərini açması ilə bağlı MÜHÜM XƏBƏR: Qarabağda yeni hərbi əməliyyat başlayır?

23.06.2022 11:34
219
photo_93018307

Pandemiya demək olar ki, başa çatıb. Bəs quru sərhədlərin açılmasına nə mane olur? İnsanlar artıq iki ildən çoxdur ki, ölkədən xaricə yalnız hava yolu ilə çıxa bilirlər. Təyyarə biletləri də bahadır.

Azərbaycanda xeyli Gürcüstan vətəndaşı olan soydaşımız var ki, burada müvəqqəti yaşayır, işləyir, iki ildir ata yurduna gedə bilmirlər. Həmçinin sərhədyanı bölgədə yaşayan insanlar müxtəlif xırda bizneslərini qonşu ölkə ilə qurub yaşayırdı. Onlar iki ildir ağır durumdadırlar. Hətta bəzi insanlar belə iddialar ortaya atır ki, sərhədlər qəsdən açılmır, vətəndaşlar quru yolu ilə Gürcüstana, Türkiyəyə (Trabzon, Rizə, Samsun və s.) istirahətə gedə bilməsinlər, oliqarxlara məxsus yerli obyektlərə üz tutsunlar...

Mütəxəssislər bildirir ki, artıq COVİD pandemiyası heç bir təhdid törətmir, Türkiyə, Gürcüstan sərhədlərini xeyli öncə açıb. Təbii, bu reallıqları hökumət  də bilir. Bəs elə isə Azərbaycanın ehtiyatlı davranışının səbəbi nədir?

Hazırda bəzi ölkələrdə yoluxma yenidən artıb. Bu riskin də gözə alındığı deyilir.

Başqa bir iddialara görə, Azərbaycan öz quru sərhədlərini ona görə açmır ki, Qarabağın erməni silahlıları, qalıqları olan bölgələrində hərbi əməliyyatlar planı daim gündəmdədir. Bu proseslər zamanı kənar dövlətlərin ölkəyə qarşı təxribatlarını önləmək üçün bu cür qərar verilib. Bu qərarın uzanması həm də onu göstərir ki,  Azərbaycanın Qarabağda antiterror əməliyyatları keçirməsi hər an ola bilər. Çünki ermənilər 10 noyabr bəyannaməsinə əməl etmir, təxribatlara cəhd edir, Azərbaycanın qanunlarına tabe olmaq istəmir. Odur ki, antiterror əməliyyatları qaçılmazdır və  bu zaman xarici güclərin ola biləcək təxribatları da gözə alınır.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Müsavat”a bunları şərh etdi: “Azərbaycanın Qarabağda antiterror əməliyyatları keçirməsi həmişə aktualdır. Oradakı separatçıların sərgilədiyi mövqelər, Ermənistanın sülh müqaviləsi ilə bağlı müəyyən çıxışları müəyyən mənada müsbət yönlü olsa da, Qarabağla bağlı mövqelərini dəyişməməsi bu məsələni bir qədər də aktuallaşdırır. Lakin bu məsələnin sərhədlə bağlı olması bir qədər suallar doğurur. Çünki Qarabağda antiterror əməliyyatı ya geniş çaplıo lmalıdır, ya da kiçik çaplı olmalıdır. Geniş çaplı antiterror əməliyyatı bütün əraziləri, yəni Rusiya sülhməramlılarının məcrasında olan bütün əraziləri əhatə edə bilər. Amma bu bir qədər inandırıcı deyil, çünki Azərbaycanın Rusiya sülhməramlılarının orada olduğu müddətdə Xankəndinə bir addım atması gözlənilmir. Çünki Azərbaycan bu məsələyə görə Rusiya ilə üz-üzə gəlmək istəməz. Bu cür məsələləri masa ətrafında, diplomatik və siyasi yollarla həll etməyə çalışır. Lakin kiçik miqyaslı əməliyyatlar ola bilər. İndiyə qədər bir neçə dəfə rəsmi, qeyri-rəsmi şəkildə müəyyən müşahidələr olub. Bu, daha çox məcburetmə əməliyyatı adlana bilər. Ayrı-ayrı anlaşmaların müddəalarının yerinə yetirilməsinə məcbur etməkdən söhbət gedir.  Xüsusən də erməni qoşunlarının çıxarılması məsələsidir ki, daha aktual olan budur. Bu, istənilən vaxt baş verə bilər. Amma bunun üçün sərhədləri bağlamağa nə dərəcədə ehtiyac var, onu demək çətindir. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir. Eyni vaxtda müharibə edib, antiterror əməliyyatı keçirib, həm də sərhədlərini qorumaq gücündədir. Bu kontekstdən yanaşdıqda quru sərhədlərin açılmamasının Qarabağda antiterror əməliyyatları ilə birbaşa bağlı olduğunu düşünmürəm. Lakin  sərhədlərin bağlanmasına yaxşı tərəfdən baxsaq, burada müəyyən bir ehtimallar axtarsaq, digər ölkələrdən müəyyən  təhlükələrin gözlənilməsi fonunda baxa bilərik”.

Politoloq əlavə edib ki, sərhədlər açılarsa, bütün ölkələrə açılmalıdır. Bir ölkə ilə açmayıb, digər ölkələrlə açıldıqda, bu, narazılıq yarada bilər: “Dövlətin müəyyən qurumlarında  istisna deyil ki, belə risklər nəzərə alınır. Əgər sərhədlərin açılmasına bu kontekstdən yanaşılsa, bu məsələ də mümkündür. Qonşu  ölkələr dedikdə daha çox bizə Rusiya ilə İrandan təhlükələr ola bilər. Rusiya daha inandırıcıdır. Çünki Rusiya ilə məsələlər daha çox masada həll olunub. İrandan da müəyyən təhlükələr ola bilər, daha çox Azərbaycanın daxilində, xüsusilə dini müstəvidə müəyyən addımların atılması kimi hallar ola bilər. Amma bütün bunlar quru sərhədlərin açılmamasına inandırıcı səbəb deyil”.

Elman Məmmədov: “Xarici qurumların ölkəmizdəki seçkilərə verdiyi qiymət  olduqca yüksəkdir”

Elman Məmmədov 

Yeri gəlmişkən, millət vəkili Elman Məmmədov mediaya açıqlamasında  hökumətin sərhədlərin açılması ilə bağlı müvafiq işlər apardığını qeyd edib: “Vətəndaşlarımız quru sərhədlərin bağlı olmasına görə çox əziyyət çəkirlər. Tezliklə açılmasının tərəfdarıyam. Biz fikrimizi bildiririk, lakin bəzi məsələlər var: məsələn, dövlətlərarası münasibətlər, pandemiya, digər xəstəliklər, yaxud da təhlükəsizliklə bağlı məsələlər. Millət vəkili olaraq müvafiq qurumlara çağırış edirəm ki, quru sərhədlərimizin açılması istiqamətdə işlər tezləşdirilsin. Qonşu ölkələrə müalicə üçün gedən insanlar var ki, indi onlar qayıda bilmirlər. İşləməyə gedib, indi ölkəmizə qayıtmaq istəyən insanlar da bu kateqoriyaya daxildir. Bildiyimə görə, hökumətimiz də çalışır ki, bu istiqamətdə işlər tezləşdirilsin. Amma sərhədlərin açılması birtərəfli qaydada mümkün deyil, iki dövlət arasında olan məsələlərdir. Bu işlər sürətlənməli və quru sərhədlərimiz insanlarımız üçün açılmalıdır”.