Azərbaycanın bu ərazilərində BÖYÜK təhlükə: "6 baldan yuxarı...”

08.02.2024 00:30
1434
65c3da7924eee202402243105

Son zamanlar dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir. Bu gün, yəni fevralın 7-də Əfqanıstanda 4,9 bal gücündə zəlzələ olub, ötən gün isə Mərkəzi Amerika 6 bala yaxın zəlzələ baş vermişdi. Nəzərə alsaq ki, son günlər qonşu ölkələrdə təbii hadisələr tez-tez olur və Azərbaycanda da zəif zəlzələlər qeydə alınır, bu istiqamətdə narahatlıqlar yaranır. bir neçə ay ərzində müxtəlif bölgələrdə baş verən zəlzələlər insanlarda təşviş yaradıb.

Qeyd edək ki, ötən ay, yanvarın 19-u Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilmişdi ki, yeraltı təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub. Məlumata görə, zəlzələ 5,1 bal gücündə qeydə alınıb.

Bəs bu il Azərbaycanda güclü və ya hiss edilən zəlzələlərin baş verməsi mümkündür?

Məsələ ilə bağlı danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Referans.az-a bildirib ki, seysmik aktivlik 2024-cü ildə davam edəcək:

“Mən qeyd etmişdim ki, 2023-cü ildə seysmik və tektonik aktivlik davam edəcək. Bir neçə hiss olunana güclü və dağıdıcı zəlzələ də oldu. İyulun 4-ü axşam Xəzər dənizində baş vermiş zəlzələ Bakı şəhərində ciddi şəkildə hiss olundu. Bundan əlavə ilin sonu dekabr ayında bir daha belə bir zəlzələ hiss olundu. Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, 2023-cü il boyu bu dinamika davam edəcək. Çünki biz seysmik aktivlik dövründə yaşayırıq. 2024-cü ildə də dünyada tektonik aktivlik pik həddə olacaq”

Seysmoloq qeyd edib ki, Azərbaycanda da seysmik aktiv ərazilər mövcuddur. Onun sözlərinə görə, Şamaxı-İsmayıllı, Zaqatala, Oğuz, Qəbələ, Quba, Şabran, Gəncə və Naxçıvan ərazisi tektonik aktiv zonalardır: “Gördüyünüz kimi 19 yanvarda hətta nisbətən Aran zonasında hiss olunan zəlzələ baş verdi. Amma digər seysmik aktiv zonalarla müqayisədə həmin ərazidə də hiss olunan zəlzələnin olması o deməkdir ki, bunun davamı olacaq. Xəzər dənizi isə seysmik ocaqlarla zəngindir. Bakı və Abşeron yarımadası üçün potensial təhlükə Xəzər dənizinin ocaqlarında mövcuddur. Xəzər dənizi seysmik ocaqlarla zəngindir, çünki bu ərazi mürəkkəb tektonikaya malikdir”.

Zəlzələlər baş vermə tipinə görə, hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı və katastrofik növlərə bölünür. Güclü zəlzələni qabaqcadan demək olmur. Ümumiyyətlə, zəlzələnin yerini, zamanını və vaxtını dəqiq demək mümkün deyil. Amma ehtimal etmək olar. Bir daha qeyd edirəm, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər olacaq – deyə Qulam Babayev əlavə edib.