Azərbaycanda qızılcadan sonra bu xəstəliyin DALĞASI GƏLİR?: Yoluxmalar qeydə alınıb - AÇIQLAMA / FOTO

25.01.2024 17:19
427
65b260f31352a202401242403

Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə hepatit A diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib.

Bundan başqa, sosial şəbəkələrdə sarılıq xəstəliyinin geniş yayıldığı barədə audioyazılar paylaşılır. Bu yazıların bəzilərində bağça müəllimlərinə tapşırılır ki, valideynlərə övladlarına qaynadılmamış su verməmələri barədə xəbərdarlıq etsinlər.  

Maraqlıdır, virus epidemiya səviyyəsinə çata bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, hepatit A virusu orqanizmə daxil olandan sonra qaraciyərdən başqa, digər orqanlarla işi olmur:

“O, qaraciyər iltihabı törədir. Sarılıq, qızdırma, iştahanın azalması, ürəkbulanma, qusma, intoksikasiya əlamətləri özünü göstərir. Dəridə və gözlərdə saralma müşahidə olunur.

Su, qida yolu ilə daha çox yoluxur. Yəni virus mədə-bağırsaq sisteminə daxil olduqdan sonra qaraciyərə keçir və xəstəlik törədir”.

M.Əliyev hepatit A virusunun COVID-19 və qızılcaya bənzəmədiyini qeyd edib:

“Hepatit A bunlar kimi hava-damcı yolu ilə keçmir. Ancaq əlləri təmiz saxlamaqda, gigiyenaya diqqət etməkdə fayda var, çünki çirkli əllər vasitəsilə də yoluxur. Uşaqlar arasında daha çox yayılır və onlar üçün daha təhlükəlidir. Bağçada bir xəstə uşaq varsa, bir-biri ilə təmasda olan zaman yayıla bilir. Böyüklərin xəstəliyə o qədər də həssaslığı yoxdur”.

İnfeksionist qeyd edib ki, kəndlərdə, qəsəbələrdə və rayonlarda kütləvi halda yoluxma baş verirsə, bu, suya virus qarışdığını göstərir:

“Deməli, içməli suya hansısa bir virus qarışıb. Yəni ola bilər ki, kanalizasiya suyu ilə içməli su qarışsın. Sarılığa COVID-19 və qızılca kimi sürətli yoluxma halının olacağını düşünmürəm. Onun epidemiya törətmək ehtimalı yoxdur. O potensialda deyil. Hepatit A virusu mövsümi xəstəlikdir. Payız və qışda daha çox olur”.