Azərbaycanda ölənlərin olduğu dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

07.06.2020 13:24
1035

6 iyun 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 6 saylı binanın yaxınlığındakı parkda şəhər sakini, 1989-cu il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, 1989-cu il təvəllüdlü şəhər sakini Rəhimov Namiq Tahir oğlunun isə  üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin Sumqayıt şəhər şöbəsinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

AZSABAH.COM-a Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülüb, təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindiriliblər.

İlkin istintaqla müəyyən edilmib ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Loading...

close
close