Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: məşhur sima VƏFAT ETDİ - FOTO

22.12.2022 09:57
8261
Vefat
Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev vəfat edib. 

AZSABAH.COM xəbər verir ki, sənətçi 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedib. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub.

1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub. Adil Gərayın sinfində təhsil alıb.

1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb. 

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını formalaşdırıb. 

F.Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.