Azərbaycan əhalisinə ÇAĞIRIŞ EDİLDİ: Vəziyyət çox ağırdır və mütləq...

18.06.2020 13:26
761

Hazırkı şəraitdə tələb edilən yerlərdə və hallarda tibbi maskadan istifadə etməyənlər qınanılmalıdır.

AZSABAH.COM xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hazırda pandemiya üçün ayrılan xəstəxanalarda vəziyyət gərgindir.

C.İsayev deyib ki, bu qədər xəbərdarlığın edilməsinə baxmayaraq, insanlar tibbi maskadan istifadə məsələsinə hələ də “barmaqarası” baxırlar:

“Artıq modul tipli xəstəxanalar da fəaliyyətə başlayır. Digər xəstəxanalar da pandemiya xəstəxanalarının sırasına qoşulur, müvafiq tibb müəssisələrində koronaviruslu xəstələr üçün ayrılan şöbələrin sayı artırılıb. Amma həm ağır xəstələrin, həm də xəstəlikdən ölənlərin sayı getdikcə artır. Bu da onu göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Bu vəziyyətin özü vətəndaşlarımıza birbaşa xəbərdarlıq edir ki, məsələyə çox ciddi yanaşmaq lazımdır. Mən bütün vətəndaşlarımıza müraciət edib deyirəm ki, onlar ətraflarında maskasız gəzən insanları görəndə laqeyd qalmasınlar. Desinlər ki, maskasız gəzən insanlar onların həyatlarını təhlükə altına qoyur. Maskasız gəzən insan vəziyyətin ciddiliyini başa düşmür. Ona görə də maskasız gəzən insanlara hamı bir ağızdan deməlidir ki, siz maska taxın. Bu cür xəbərdarlıqlar bəlkə də həmin insanları yola gətirər. Heç olmasa, ətrafdakıların qınağı onlarda məsuliyyət hissini artırar”.

C.İsayev bildirib ki, bəzən insanlar COVİD-19-dan baş verən ölüm hallarını digər xəstəliklərdən ölüm halları ilə müqayisə edirlər. Baş infeksionist belə bir müqayisəni düzgün hesab etmir:

“Bəzən insanlar deyirlər ki, vərəmdən və ya digər xəstəliklərdən bu qədər insan ölür. Bunlar fərqli məsələlərdir. Axı, biz özümüzdən asılı olan şeyi niyə etməyək? Bunu edəriksə, vəziyyəti yaxşılaşdıra bilərik”.

Loading...

close
close