Azərbaycan-ABŞ münasibətləri GƏRGİNLƏŞƏ BİLƏR - SENSASİYALI GƏLİŞMƏ

22.06.2022 13:51
2325

“Vaşinqtonun Minsk qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər”.

AZSABAH.COM xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir:

“Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb və rəsmən elan edib ki, Minsk qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur. İkincisi, Rusiyanın Ukraynada apardığı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk qrupunda fəaliyyət göstərə bilməyəcək. Bunun qarşılığında Azərbaycan və Ermənistana səfər edən ABŞ dövlət katibinin köməkçisi Kerri Donfrid bəyan edib ki, ABŞ Minsk qrupunun fəaliyyətini, o cümlədən Fransa və Rusiya ilə birgə çalışmağı dəstəkləyir.

Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə tutub ki, yox e, birgə çalışmalıyıq”.

Elxan Şahinoğlu ABŞ-ın bu təkidinin bir sıra səbəblərinin olduğunu söyləyib:

“Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir və guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda – energetika, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və Bakı bundan məmnundur. Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu nə Azərbaycan, nə də ABŞ-ın maraqlarına cavab verir.

Aydındır ki, Vaşinqton rəsmən Minsk qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə Minsk qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq”.

Loading...