Avtomobilini günün istənilən saatında PULSUZ park etmək istəyənlərin NƏZƏRİNƏ - FOTO

09.02.2024 10:37
244
65c5c896cf6b7202402243918

Bakıda avtomobilini şəhərin müxtəlif ərazilərdində park etmək istəyən sürücülər bəlli məbləğ ödəyirlər. Bu məbləğ əraziyə görə dəyişir və zonalardan asılı olaraq 30 qəpik - 1 manat arasında dəyişir. 

Azsabah.com BAKU.WS-in məlumatına istinad ederek bildirir ki,  avtomobilini ödənişli park edənlərlə yanaşı bu xidmətə görə pul verməkdən azad olanlar da var. 

Bəzi şəxslər qanuni parklanma ərazisində avtomobillərini günün istənilən saatında ödənişsiz park edə bilərlər. Bunun üçün onlara talonlar da təqdm olunur. 

Bəs, həmin şəxslər kimlərdir? Parkinqlə bağlı ödənişsiz talonu almaq üçün hara müraciət etmək lazımdır? Həmin talon nə qədər müddətə verilir?

Bu suallara cavab tapmaq üçün Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:

"Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər.

Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Yuxarıda qeyd edilən tələblər “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiqlənməsi haqqında Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə tənzimlənir.
Vətəndaşlar “AzParkinq” mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər.

Fərdi parklanma talonuna müraciət üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, xarici vətəndaş olduqda isə Azərbaycan ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya ölkə hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti tələb olunur.

Fərdi parklanma talonu üçün müraciətlər “AzParkinq” mobil tətbiqi üzərindən həyata keçirildiyindən və həmin elektron sistem digər aidiyyəti sistemlərlə inteqrasiya olunduğundan müvafiq məlumatlar daxil edildikdən sonra qeyd olunan sənədlər üzrə məlumatlar aidiyyəti informasiya sistemindən avtomatik olaraq götürülür.

Minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir".