Aşura gününü belə qeyd edin - Vacib tövsiyələr

27.08.2020 19:14
880
“Əsrlərdir Azərbaycanın dini kimliyi milli mənəviyyatımızın bir parçasına çevrilib. Bu da bütövlükdə Azərbaycan xalqının uğurudur”.

AZSABAH.COM-a açıqlamasında bu fikirləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli deyib. 

Onun sözlərinə görə, ölkəmizdə milli və mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin qorunması yolunda Əhli-beyt irsinin yaşadılması xüsusi önəm daşıyır: “Xalqımızın yüz illərdir and yerinə çevrilən Peyğəmbər və onun Əhli-beyt təmsilçilərinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində göstərdiyi xidmətlər tamamilə ayrıca bir mövzudur. Tam məsuliyyətlə deyirəm ki, Peyğəmbərimizin sevimli nəvəsi İmam Hüseynin indiyədək ölkəmizdə yad edilməsi, hər il onun şəhadətə çatdığı Məhərrəm ayında anılması Aşura mədəniyyətinin formalaşmasına gətirib çıxarıb. Onu qeyd edə bilərəm ki, ölkəmizdə vətənpərvərlik ruhunun aşılanmasında, mənəvi irsimizin düzgün şəkildə çatdırılmasında, nəinki məzhəblərarası, eləcə də dinlərarası münasibətlərin qorunmasında Azərbaycan Əhli-beyt məktəbinin fədakarlığı dövlətimiz tərəfindən də həmişə təqdir olunub. Gəncədə və Bərdədə İmamzadə komplekslərinin və digər Əhli-beytə bağlı mübarək məkanların dövlətimiz və xüsusilə Prezident tərəfindən yenidən inşa olunması dünyəvi ölkə olan Azərbaycan dövlətinin Peyğəmbər irsinin əsl təəssübkeşi olduğunu göstərir”.
S.Əzimbəyli qeyd etdi ki, bu il Məhərrəm ayı COVİD-19 pandemiyası ilə bağlı karantin dövrünə təsadüf etdiyi üçün Aşura günü hər bir inanclı öz evini məscid halına gətirməsi mümkündür: “İnanıram ki, inanclı insanlarımız birmənalı olaraq Aşura günü İmam Hüseyni, Azərbaycan şəhidlərini öz evlərində anacaqlar, onların ruhuna dualar oxuyacaqlar. Xüsusi olaraq, evlərdə keçiriləcək İmam Hüseyn əzadarlığında ən azından növbəti Aşuranı ordumuzun müzəffər olması və doğma Qarabağımızın azad edilməsi, eləcə də millətimizin xəstəliklərdən qorunması üçün bol dualar etməliyik. Yəni, Aşuranı necə qeyd etməliyik? Bu suala cavab verərkən deməliyik ki, hər bir inanclı, Həzrəti Hüseyn aşiqləri həmin gün duaları ilə bərabər şəhid ailələrini və şəhid məzarlarını ziyarət etsinlər. Maddi imkanı olan insanlar şəhid doğmalarını yad eləsin. Maddi imkanı olmayan, amma könül dünyası bütünlüklə Həzrəti Hüseyn sevgisi ilə yoğurulan insanlar isə şəhid məzarlarını, qazi qardaşlarını, bir sözlə əsl haqq sahiblərini ziyarət edə bilərlər. Aşura məktəbindən dərs alan Azərbaycanın Milli Qəhrəmanları Etibar İsmayılov, Fred Asif, Kamil Nəsibov, Seyid Mübariz İbrahimov, Tovuz hadisələri zamanı şəhid olan General Polad Həşimov və digər yüzlərlə vətənin azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımız şəhadət zirvəsinə ucalıblar. Bu səbəbdən də Aşura günündə vətənpərvər şəhidlərimizi anmaq elə imandandır. Azərbaycan dövlətinin bütövlüyünə, xalqımızın əmin-amanlığına dualar etmək  də çox vacibdir”. 
Loading...

close
close