Parlament sədrinin seçkisi zamanı deputatların mövqeyi necə olub və
ya ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlsəydi, Azərbaycan böhrana
düşməzdi.
Sabir
Rüstəmxanlı: “Biz əgər istəyirik, doğrudan da respublikamızı çətin vəziyyətdən
çıxaraq, İsanı mən təklif edirəm...”
Eldar
İbrahimov: “...bir halda ki,
demokratiyadan danışırıqsa, bugünkü demokratiyada, bugünkü ağır gündə də bu
vəzifələri gəlin eksperimentə çevirməyək. Biz çalışaq elə bir adam da
alternativ olsun ki, təcrübəli, öz dünya səviyyəsinə görə tanınmış siyasi
xadimlərdən bir nəfəri tapaq. Mən alternativ olaraq Heydər Əliyevin
namizədliyini irəli sürürəm”
Arif Rəhimzadə:
“...Əliyev Heydər Əlirza oğlunun namizədliyi mütləq verilsin və səs-verməyə
qoyulsun”
1992-ci il 17 may tarixində Milli Məclisdə nələr baş verib?
Parlamentin sədrinin seçkisi zamanı deputatların mövqeyi necə olub?
AzSABAH.COM həmin
tarixdə Milli Məclisdə baş verənlərlə bağlı hazırladığı yazını diqqətinizə
çatdırır:
Məlum olduğu
kimi, 1992-ci ilin fevralında Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımından sonra ittihamlar qarşısında
tab gətirə bilməyən Prezident Ayaz Mütəllibov mart ayının əvvəllərində istefa
verib. Parlamentin sədri vəzifəsini tutan Yaqub Məmmədov həm də prezident
səlahiyyətlərini icra etməyə başlayıb. Mayın 8-də Şuşa şəhəri Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Ayaz Mütəllibovun yenidən
prezident vəzifəsinə qaytarılması üçün cəhdlər edilib. Ali Sovetin binasının
yaxınlığında 11 gün davam edən fasiləsiz mitinqin təzyiqi altında Ayaz
Mütəllibovun yenidən hakimiyyətə gətirilməsinin planı işlənib hazırlanıb. Yaqub
Məmmədov Ali Sovetin sessiyasının təcili çağırılıb-çağırılmaması məsələsini
Milli Şuranın müzakirəsinə çıxarıb. Təxirə salınmış növbədənkənar sessiyanın
mayın 14-də çağırılması qərara alınıb. Həmin gün Ali Sovetin 253 deputatının
iştirakı ilə keçirilən fövqəladə sessiyasında Xocalıda törədilən soyqırımı ilə
bağlı məsələ barəsində yaradılmış deputat-istintaq komissiyasının sədri Ramiz
Fətəliyev məlumat verərək bildirib ki, komissiya həqiqəti üzə çıxarmaq üçün
işləyəcəyi barədə and içib. Deyib ki, Prezident Ayaz Mütəllibovun
səhlənkarlığı, düşünülməmiş və qarışıq kadr siyasəti olub, lakin Xocalıdakı
faciəyə gətirən cinayətkar niyyəti və xəyanətkarlığı olmayıb. Çıxış edən bəzi
deputatlar Ayaz Mütəllibovun günahsız olduğunu və buna görə də gəlib yenidən
Prezident vəzifəsində oturmasını təklif ediblər. Çıxışlardan sonra Ayaz Mütəllibov sessiya keçirilən
salona gəlib və etdiyi çıxışında mart ayından ötən müddət ərzində fəaliyyətini
tənqidi təhlil etdiyini və qiymətləndirdiyini, kadrları seçməkdə çətinlik
çəkdiyini, ölkədə qayda-qanun yaradacağını və heç kimə kin, nifrət bəsləməyəcəyini
desə də, müxalifətə qarşı aşağıdakı hədələyici fikirləri işlədib:
“...ictimai qurumların, partiyaların, cərəyanların fəaliyyətini
mütləq dayandırmalıyıq. Mən diktatura demək istəmirəm, ancaq lazım olsa ona da
getməliyik, millət təhlükə qarşısındadır. Mən üzümü hüquq-mühafizə orqanlarının
rəhbərlərinə tutub deyirəm və bildirmək istəyirəm ki, ...mən sizi
cəzalandıraram”.
Sessiyada Ayaz
Mütəllibov yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə qaytarılıb.
Buna etiraz edən Azərbaycan Xalq Cəbhəsi qüvvələri tərəfindən Milli Məclisə
silahlı hücum edilib. Nəticədə Ayaz Mütəllibov devrilib və Moskvaya qaçıb.
Parlamentin binasının ətrafına zirehli maşınlar və tanklar yerləşdirilib.
Mayın 15-də
keçirilən sessiyada sədrlik edən Yaqub
Məmmədov ölkədəki vəziyyəti aşağıdakı kimi şərh edib:
“Vəziyyət demək olar ki, nəzarətdən çıxıbdır. Respublikada, Bakıda
həm hakimiyyət böhranıdır, həm də ki, ümumiyyətlə, böhrandır, bu günləri
şəhərdə baş vermiş hadisə hamımızın gözünün qabağında olub, Ali Sovetdə. ...Bu
təzyiqin, gah bu tərəfdən, gah da o tərəfdən zorakılığın, müxtəlif silahlı
dəstələrin hücumlarının axır nəticəsi elə belə də qurtarmalıydı. Bu haqda çox
danışdıq, çox dedik, təəssüflər olsun ki, vaxtında tədbir görülmədi. Axırı da
gəlib bugünkü hadisəylə başa çatdı. Elə dünənki hadisə də həmin işlərin nəticəsi
idi, bugünkü də, final belə olmalıydı... mən başqa bir şey fikirləşirəm ki, Ali
Soveti niyə bu günə qoyublar”.
Mayın 18-də
keçirilən növbədənkənar sessiyaya sədrlik edən
Ziyad Səmədzadə bildirib ki, Ali Sovetin sədri Yaqub Məmmədov bir neçə dəfə
ərizə ilə müraciət edərək Prezident səlahiyyətlərini icra etməyin ağır olduğunu
bildirərək istefa vermək istəyib. O, həmin ərizənin müzakirə olunmasını təklif
edib. Məsələ gündəliyə daxil edilib. Səsvermə nəticəsində Yaqub Məmmədovun
vəzifəsindən azad olunması haqqında qərar qəbul olunub.
Ziyad Səmədzadə
Ali Sovetin sədri vəzifəsinə Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri
olan İsa Qəmbərovun namizədliyini
irəli sürüb. Çıxış edən şair, deputat Bəxtiyar Vahabzadə salonda yetərsay
olmamasına baxmayaraq, onun namizədliyini müdafiə edərək səsə qoyulmasını
təklif edib. Prosedur qaydalarını pozaraq bildirib ki, bu məsələdə yetərsayın
olub-olmaması əhəmiyyətli deyildir.
İdarəçilik
təcrübəsi olmayan bir şəxsin Azərbaycan Respublikası parlamentinin sədri
vəzifəsinə namizədliyinin irəli sürülməsini, ölkənin eksperimentə çevirilməsini
yanlış hesab edən deputat Eldar
İbrahimov çıxışında görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin
namizədliyini irəli sürərək birmənalı olaraq deyib:
“ ...bir halda ki, demokratiyadan danışırıqsa, bugünkü demokratiyada,
bugünkü ağır gündə də bu vəzifələri gəlin eksperimentə çevirməyək. Biz çalışaq
elə bir adam da alternativ olsun ki, təcrübəli, öz dünya səviyyəsinə görə
tanınmış siyasi xadimlərdən bir nəfəri tapaq. Mən alternativ olaraq Heydər
Əliyevin namizədliyini irəli sürürəm”.
Eldar İbrahimov ölkəni ağır vəziyyətdən çıxaracaq şəxs kimi Heydər
Əliyevi görüb.
Deputat Eldar
İbrahimovun əleyhinə çıxan deputat Sabir
Rüstəmxanlı ölkəni ağır vəziyyətdən çıxara biləcək şəxsin İsa Qəmbərov olduğunu
deyib. O, birmənalı olaraq bildirib:
“Biz əgər istəyirik, doğrudan da respublikamızı çətin vəziyyətdən
çıxaraq, İsanı mən təklif edirəm...”.
Deputat Arif Rəhimzadə isə etiraz
edərək qətiyyətlə Heydər Əliyevin namizədliyini aşağıdakı şəkildə müdafiə edib:
“...Əliyev Heydər Əlirza oğlunun namizədliyi mütləq verilsin və
səsverməyə qoyulsun. Burada deyirlər ki, Əliyevin burada olmamağı maneçilik
eləyə bilər, mən hesab eləyirəm 10 dəqiqəlik tənəffüs elan eləmək olar,
telefonla onunla əlaqə saxlamaq olar və onun fikrini bilmək olar. Əliyevin Ali
Sovetə sədr gətirilməsi tamamilə təbii bir məsələdir, o, Ali Sovetin Sədrinin
müavinidir və təəccüblü olardı ki, müavinlər ola-ola heç birinin namizədliyinə
baxılmasın”.
Azərbaycan Xalq
Cəbhəsinin nümayəndələrindən biri olan
Arif Hacıyev çıxışında deyib:
“...hüquq qaydalarına görə hər hansı bir yığıncaqda iştirak etməyən
və proqramını bildirməyən adamın ümumiyyətlə, namizədliyinin səsə qoyulması
qeyri-mümkündür... Pis olmaz ki, Heydər Əliyevlə telefonla danışılsın, bunun
ziyanı yoxdur”.
Özlərini Azərbaycan Xalq Cümhuriyyətinin və Məhəmməd Əmin Rəsulzadə
yolunun davamçıları sayan bu şəxslər Azərbaycanın parlamentarizm tarixində buna
bənzər hadisələrin olduğunu ya bilməyiblər, ya da bilməzlikdən gəliblər. Belə
ki, məlum olduğu kimi, Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may ayında Batum
konfransında iştirak edərkən qiyabi olaraq Azərbaycan Milli Şurasının sədri
seçilmişdi, Əlimərdan bəy Topçubaşov isə Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin sədri seçilərkən və parlamentin fəaliyyət göstərdiyi bütün dövr
ərzində də Azərbaycanda olmamışdı.
Sessiyaya
sədrlik edən Ziyad Səmədzadə öz
platformasını təqdim etmək üçün İ.Qəmbərova
söz verib. O, xüsusi bir platformasının olmadığını, platformasının Əbülfəz Elçibəyin platforması olduğunu
deyərək aşağıdakı məsələyə münasibətini belə bildirib:
“Azərbaycanın rəhbərliyində indiki və keçmiş böyük təcrübəyə, iş
bacarığına malik olan şəxslər az deyil, onlardan biri də Heydər Əliyevdir.
Sözsüz ki, Heydər Əliyevin də təcrübəsindən istifadə olunmalıdır. Ancaq indiki
məqamda bir daha dərk etmək lazımdır ki, Azərbaycanın ən nüfuzlu təşkilatı olan
Xalq Cəbhəsinin etimad mandatı ilə işləməyən adamın Azərbaycanda vəzifə tutması
çətin olacaq. Digər tərəfdən, gözəl bilirsiniz ki, Heydər Əliyevin namizədliyi
bu ağır vəziyyətdə parçalanma amili rolunu da oynaya bilər”.
Əslində müxalifət nümayəndələrinin bütün çıxışları onların Heydər
Əliyevin böyüklüyünü, zəngin siyasi və dövlətçilik təcrübəsini qəbul
etdiklərini, lakin hakimiyyət hərisliyi səbəbindən bu məsələdə geri çəkilmək
istəmədiklərini göstərirdi. Bu isə bir daha təsdiq edir ki, həmin şəxsləri
ölkənin və millətin taleyi deyil, yalnız hakimiyyətə gəlmək düşündürüb.
İ.Qəmbərovun
çıxışından sonra Ziyad Səmədzadə ona
belə bir sualla müraciət edib:
“Bu gün bu vəzifəni tutmaq üçün və buna razılıq vermək üçün çox böyük
cəsarət lazımdır. Bizim hamımızı bir problem maraqlandırır. Qarabağ barədə iki
kəlmə nə deyə bilərsiniz öz platformanız barədə?”
Sədrliyə namizəd konkret deyil, ümumi ifadələrlə bildirib ki, həm
hərbi, həm də siyasi xarakterli tədbirlər nəzərdə tutulur. Əlavə edib ki,
başlıca vəzifə Bakı şəhərində sabitlik, qayda-qanun yaratmaq və əhalinin
təhlükəsizliyini təmin etməkdir.
Sual-cavabdan
sonra fövqəladə sessiyanın işində tənəffüs elan edilib. Tənəffüs zamanı Ziyad Səmədzadə və Eldar İbrahimov
Naxçıvana zəng edib Heydər Əliyev
ilə əlaqə yaratmaq üçün gediblər. Lakin nə qədər zəng etsələr də, hansı
səbəbdənsə danışıq baş tutmayıb. Tənəffüsdən sonra öz işini davam etdirən
iclasda Ziyad Səmədzadə deyib:
“...biz təklifi, Heydər Əliyev yoldaşın namizədliyini irəli sürən
deputatlarla birlikdə xeyli müddət çalışdıq ki, həm mən, həm də Eldar
İbrahimov. Bütün telefon kanallarından istifadə etdik, amma alınmadı,
köməkçisinə də, evinə də, hər yana zəng elədik, xəbər də göndərdik ki, belə bir
məsələ var, ona çatdırın. Artıq bir saatdır ki, keçib. Mən sizin nəzərinizə
çatdırıram bu informasiyanı”.
Sədrin
seçilməsi üçün səsverməni keçirmək barədə qərar qəbul edilib. Seçki bülleteninə
alternativ olmadan təkcə İsa Qəmbərovun adı daxil edilib və o, Ali Sovetin
sədri seçilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini icra etməyə başlayıb.
Ancaq bir il
sonra ölkə ağır böhrana düşüb.
Ümummilli lider Heydər Əliyevin əleyhinə olanlar bu dəfə özlərini
xilas etmək üçün Heydər Əliyevdən xahiş ediblər ki, onları bu bəladan
qurtarsın. 1993-cü ilin iyununda hakimiyyətə dəvət edilən Heydər Əliyev həm
dövləti dağılmaqdan, həm də həmin şəxsləri məhv edilməkdən xilas edib. Müasir
Azərbaycan dövlətini qurub.
O vaxtdan 28 il keçir. Heydər Əliyev, Əbülfəz Elçibəy və Bəxtiyar
Vahabzadə dünyalarını dəyişiblər, Ramiz Fətəliyev, Yaqub Məmmədov, Ayaz
Mütəllibov pensiyaçı, Arif Hacıyev (Hacılı) Müsavat Partiyasının başqanı, İsa
Qəmbərov (Qəmbər) Milli Düşüncə Mərkəzinin rəhbəridir. Ziyad Səmədzadə və Eldar
İbrahimov hazırda Milli Məclisin deputatlarıdır.
Amma ən qəribəsi odur ki, 1992-ci ilin may ayında ölkənin ən ağır
vəziyyətində ümummilli lider Heydər Əliyevi bütün varlığı ilə müdafiə edən və
uzun illər Neftçaladan deputat seçilmiş Arif Rəhimzadənin yerinə həmin vaxt
Heydər Əliyevin əleyhinə olan Sabir Rüstəmxanlı 2020-ci ildə deputat olub. Ey
həyat, sən nə qəribəsən?