2018-də demişdi, 2020-də yerinə yetirdi- NƏLƏRIN HESABINA?

15.02.2024 21:11
378
65ce465ed0ec9202402241406

Mətin Məmmədli: “Bu iki amil - ordu quruculuğu və düşünülmüş xarici siyasət bir-birini tamamladı”


“Verdiyim vədlər arasında, təbii ki, ilk növbədə ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun, biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”. Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.


Cəmi 2 ildən sonra demək olar ki torpaqlar işğaldan azad olundu. İki il ərzində Azərbaycanın gücündə, siyasətində, diplomatiyasında, dünyada hansı dəyişikliklər baş verdi ki, Prezident iki il ərzində vədini yerinə yetirə bildi?


Ətraflı


“...2018-2020-ci illərdə dünyada və yerləşdiyimiz coğrafiyada, postsovet məkanında bizim üçün müəyyən əlverişli proseslər baş verdi” 


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan 2018-2020-ci illərdə siyasətində elə də bir dəyişiklik etməyib: “Yəni İlham Əliyev 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra siyasətində hər hansı bir ciddi dəyişiklik baş verməyib. Biz böyük tarixi qələbə əldə etmək istiqamətində uzun bir yol keçmişik. Azərbaycanın tarixi qələbəsində əsas rol oynayan amillər ilk növbədə düşünülmüş, milli maraqlara uyğun həyata keçirilən praqmatik xarici siyasət və eyni zamanda müdafiə siyasəti, ordu quruculuğu olub. Bu iki amil- ordu quruculuğu və düşünülmüş xarici siyasət bir-birini tamamladı. Sadəcə olaraq, 2018-2020-ci illərdə dünyada və yerləşdiyimiz coğrafiyada, postsovet məkanında bizim üçün müəyyən əlverişli proseslər baş verdi. Azərbaycan dövləti və Prezident İlham Əliyev baş verən proseslər nəticəsində yaranmış bu fürsətdən məharətlə istifadə edə bildi”.


M.Məmmədli qeyd etdi ki, Azərbaycan düzgün, rasional xarici siyasət yürütməsəydi, güclü ordusu olmasaydı yaranmış fürsətlərdən də istifadə edə bilməzdik. “Qısa olaraq qeyd etsək, uzun müddət aparılan düşünülmüş xarici siyasət, ordu quruculuğu, müdafiə siyasəti nəticəsində biz 2020-ci ildə ərazilərimizin çox böyük hissəsinin, 2023-cü ildə isə tamamilə azad olmasına, süverenliyimizin bərqərar olmasına nail olduq”-deyə M.Məmmədli qeyd etdi